Əmanətlərin Sığortalanması Fondu fəaliyyəti dayandırılan "DəmirBank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) kreditorlarına müraciət edib.
Fond xatırladır ki, "Dəmirbank” ASC-ni Bakı Apellyasiya Məhkəməsi müflis elan edib. Bildirilir ki, müflis banka qarşı tələbləri bankın müflis elan olunmasına dair məhkəmə qərarının ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici yazılı şəkildə qeydə almalıdır.
Tələblərin qeydə alınmasından ötrü kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və gərəkli bilgiləri təqdim etməlidir.
Fond kreditorları 60 gün ərzində "DəmirBank” ASC-nin ləğvedicisinə müraciət etməyə dəvət edib.
Maliyyə Bazalarına Nəzarət Palatası ötən il dekabrın 22-də «DəmirBank» ASC-nin lisenziyasını ləğv edib. Bu, bankın öhdəliklərini yerinə yetirə bilməməsi ilə izah edilib.
"DəmirBank" ASC-nin qorunan əmanətlərin kompensasiyalarını "Kapitalbank" ASC ödəyəcək. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, agent-bank qismində "Kapitalbank" ASC seçilib.
Qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə fevralın 1-dən başlanılacağı bildirilir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasına görə, bankda 63.5 milyon manat qorunan əmanət var.
İlkin qiymətləndirmələrə görə, bankda kompensasiya olunmayan əmanətlər 28.3 mln manat təşkil edir. Qorunmayan əmanətlər batır.
2016-cı ildə isə ölkədə 11 bank bağlanıb. O banklarda qorunan əmanətlər belə, hələ tam ödənilməyib.
Ötən ilin sonuna olan məlumata görə, Fond 11 bank üzrə 747 milyon 943 min manatdan artıq kompensasiya ödəyib. Bu ləğv edilən 11 bank üzrə qorunan əmanətlərin 90 faizindən çoxdur.