1 Yanvar 2018
Mətni dəyiş
Azərbaycana idxal edilən bəzi minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu yanvarın 1-dən artırılır.
Abzas.net xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ötən il noyabrın 17-də təsdiq etdiyi «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri» ilə bağlı qərarında qeyd edilir.
Buna qədər qüvvədə olan qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan təzə minik avtomobilləri üzrə idxal gömrük rüsumu hər 1 kubsantimetrə görə 0.40 dollar idi. İstismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri isə 0.70 dollar müəyyənləşmişdi.
Mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan avtomobillərə də idxal gömrük rüsumu eyni məbləğdədir.
Yeni qərara əsasən, sadalanan mühərrik gücünə malik avtomobillərdən ötrü idxal gömrük rüsumu artırılıb. Bu kateqoriyalardan olan təzə minik avtomobillərindən ötrü idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetrinə 0.70 dollar müəyyən edilir. İstismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün isə gömrük rüsumu 1.2 dollar olur.