SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodu gündəlik 34 min kubmetr xam neft emal edəcək.
Bu barədə “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) məlumat yayıb.
“Gündəlik 34 min kubmetr xam neft emal edəcək “Star” zavodu Türkiyənin illik cari kəsirini təxminən 1,5 milyard dollar azaldacaq”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu ilin sonundan etibarən zavod test rejimində işləməyə başlayacaq. 2018-ci ilin üçüncü rübündə zavodda istehsal ediləcək məhsulların satışının həyata keçirilməsi planlaşdırılır. Zavodun tikinti işlərinin 96 faizi bitib. “Star” neft emalı zavodu bu ilin dekabr ayından etibarən tam gücü ilə çalışmağa başlayacaq.
Zavodda yerüstü boruların 98 faizinin montajı yekunlaşıb. “Star” hər il 10 milyon ton xam neft emal edəcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu və 160 min ton kükürd istehsal olunacaq.