an-Lük Qodarın «Obrazlar kitabı» (The Image Book) adlı ən yeni filmi klassik filmlərdən götürülmüş kliplər və radikal fəlsəfə ilə dolu «şüur axını» tərzində montajla diqqəti cəlb edir. Filmin həm montajı, həm də səsləndirilməsi eklektikdir.
«The Financial Times» yazır ki, Jan-Lük Qodarın avanqard tərzində çəkdiyi yeni filmini görmək dovşan yuvasına düşmək kimidir. «Obrazlar kitabı» isveçrəli kinorejissorun friform tərzində çəkdiyi növbəti sənədli filmdir. Filmdə fikirlər, filmlər, tanıdığımız və sevdiyimiz filmlərdən götürülmüş anlar bir-birini əvəz edir. 90 dəqiqəlik bu film başdan-ayağa rabitəsiz görüntü və səslərin kollajından ibarətdir.
Dildən imtina?
[embed]https://www.youtube.com/watch?v=YcXn1LRyNq8[/embed]87 yaşlı Qodarın filmi tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Thedigitalfix.com saytı yazır ki, deyəsən, daha öncə «Əlvida, nitq» (Qodarın 2014-cü ildə çəkdiyi filmə işarə edilir) deyən rejissor indi də dildən yerli-dibli imtina edib.
Filmə baxarkən dovşan yuvasından çıxıb fantasmaqoriya dünyasına (Phantasmagorica Firma) nə zaman gəlib çatdığımızı anlamaq mümkün deyil. Biz sehrli aləmə çatanda Qodar özünün köhnə təbliğat fəndlərinə əl atır. Filmin ilk səhnələri «şüur axını» tərzində edilmiş gözçıxardan montajla doludur. Burada çoxlarının sevdiyi filmlərdən (Fransa kinematoqrafçılarının 1929-cu ildə sürrealizm janrında çəkdiyi «Əndəlus köpəyi», Alfred Hiçkokun 1958-ci ildə çəkdiyi «Başgicəllənmə» psixoloji dramı, Pyer Paolo Pazolininin 1975-ci ildə çəkdiyi «Salo»dəhşət filmi, 1974-cü ildə çəkilmiş «Lakomb Lüsyen» adlı müharibə dramı) səhnələr Qodarın fəlsəfədən danışan səsi və musiqinin fonunda bir-birini sürətlə əvəz edir. Bu fraqmentlərin özü də ya həddindən artıq rənglənib, ya tamamilə ağardılıb və solğunlaşdırılıb, ya da kinematoqrafçıların əlinə keçən başqa bir texnikaya məruz qalıb. Filmin ikinci yarısı, əsasən, qılınc səsləri ilə müşayiət olunan ərəb dünyası haqda «Dəhşətli xəbərdarlıq» tipli karikaturalardan ibarətdir. Ərəb dünyası Qərbə nə edir və Qərb ona nə edir.
Filmin mənası nədir
Hətta bu hissənin özündə belə müntəzəm rabitə yoxdur, forma yayğındır. Bu filmin mənası nədir? Səslər davamlı donquldanmadan manyakvarı pıçıldamaya və öyüdvermə tərzində şifrəli qafiyələrə qədər dəyişir. Bu şeirlərin bəziləri Monten, Rembo, Konrad kimi şairlərdən götürülüb. Görüntülərin ardıcıllığı rabitəli bir mövzunu əks etdirəndə - əllər, kütlələr, rəqs, müharibə, terrorizm – tamaşaçı sevinir, alqışlamaq istəyir. Deyəsən, nəhayət, Möcüzə dünyasına çatmışıq. Sonra yenidən dovşan yuvasına qayıdırıq…
Bir şey aydındır ki, heç kim belə film çəkmir. Qodarın bu filmin fraqmentlərinə doldurduğu toksik rənglər Uorhol və ya Lixtenşteynin tablolarına layiqdir. Filmin axını ifrat dərəcədə hipnotikdir. Əlbəttə, radikal fəlsəfədən danışmaq və inqilaba çağırış Qodar tərzində ola bilər. Bir zamanlar maoist olan bu adam bizim indi Mao haqda bildiklərimizdən sonra heç vaxt üzr istəməyib. Qodarın kino zövqü, bu film üçün seçdiyi fraqmentlər qüsursuzdur.
Bu fraqmentlər dünya kinosuna həsr olunan istənilən «obrazlar kitabı»na daxil edilə bilər. «Başgicəllənmə» filmində Kim Novakın az qala suda boğulması, «Gənc Mister Linkoln» filmində Henri Fondanın tarixin şüaları ilə işıqlandırılması, Murnau, Renuar və Pazolinidən götürülmüş estetik və kinetik şimşək görüntüləri. Təsirli görüntü tufanı bu kadrları beynimizə ömürlük həkk etməyə qadirdir. Görüntülər o qədər parlaqdır ki, götürüldükləri orijinal filmlərin mənasından tutmuş, bizim özümüzün mifləri sevən düşüncəmizə qədər hər şeyi işıqlandırır.