Azərbaycan Beynəlxalq Bankı (ABB) Gürcüstan və Rusiyadakı törəmə qurumlarını bağlayır.
Bu barədə ABB-dən məlumat yayılıb. Həmin məlumata görə, ləğvinə qərar verilən törəmə qurumlar “Bank “MBA-Moskva” (MBA-Moskva), “Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan” (ABB-Gürcüstan) bankları və “Biznes-Rabitə” Məhdud Məsuliyyətli Cəmiyyətdir (MMC).
ABB-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Abbas İbrahimov törəmə qurumların bağlanmasına qurumun səhmdarlarının martın 14-də keçirilmiş yığıncağında qərar verildiyini bildirib.
“Bu qərar, təbii ki, ətraflı təhlillərə əsaslanır. Adı çəkilən qurumların bankın gələcək fəaliyyəti üçün iqtisadi baxımdan səmərəliliyi nəzərə alındı və onların fəaliyyətinin dayandırılmasına qərar verildi. Belə bir qərar Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsinə hazırlıq planları ilə də bağlıdır”, – o, qeyd edib.
Abbas İbrahimov bildirib ki, törəmə müəssisələrin ləğvetmə prosedurları onların fəaliyyət göstərdiyi ölkələrin qanunvericilik normaları çərçivəsində həyata keçiriləcək. Müştərilər qarşısındakı öhdəliklər yerinə yetiriləcək.
Bankın başqa törəmə müəssisələrinin isə fəaliyyətini davam etdirəcəyi bildirilir.
Bundan başqa, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ABB-dəki payının dövlətə ötürüldüyü, dövlətin bankın səhmlərindəki payının 96,5 faizə yüksəldiyi bildirilir.