2018-ci ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 121 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər.
67 ölkəyə məhsul ixrac olunub, 115 ölkədən isə idxal edilib.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir ki, yanvar ayında xarici ticarət dövriyyəsi 2231.6 milyon ABŞ dolları olub.
«İxracın dəyəri 1543 milyon dollar, idxalın dəyəri 688.6 milyon dollar təşkil edib. Nəticədə 854.4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 33.3 faiz artıb, real ifadədə isə 1.9 faiz azalıb», - məlumatda vurğulanır.
İxracın 27 faizi İtaliyanın, 13.1 faizi İsrailin, 8 faizi Avstriyanın, 7.9 faizi Çexiyanın, 6.7 faizi ABŞ-ın, qalanları isə başqa ölkələrin payına düşüb.
İdxalda isə Rusiya öncüldür. Malların 18.3 faizi Rusiyadan, 12.9 faizi Türkiyədən, 9.5 faizi Çindən, 8.1 faizi Belarusdan, qalanları isə başqa ölkələrdən gətirilib.
Təzə meyvə, tərəvəz şirələri, təbii üzüm şərabları, pambıq ipliyi və bir sıra məhsulların ixracı artıb.
Amma bunun əvəzində buğda idxalı 2.1 dəfə, çay – 49.8 faiz, mal əti – 24.9 faiz, quş əti və onun əlavə məhsulları 3.3 dəfə artıb.