Nemət Əliyev
Bakı-Tbilisi-Qars dəmir yoluna bağlanan ümidlər özünü doğrultmur. Bu dəmir yolu xəttinin istismara verilməsindən ötən dövrdə ölkənin ümumi dəmir yolu sistemində yaşanan tənəzzül daha da böyüyüb.
Bakı-Tbilisi Qars dəmir yolu ötən ilin sonuncu rübündə (oktyabrda) istismara verilib. Həmin rübdə dəmir yolu ilə ümumi yükdaşımaların orta aylıq həcmi 1,290 milyon ton olmuşdu. Bu ilin “yanvar-fevral” dövrünün orta aylıq göstəricisi isə 1,063 milyon ton təşkil edib. Odur ki, Bakı-Tbilisi Qars dəmir yolu istifadəyə veriləndən sonrakı dövrdə yük daşımaların orta aylıq səviyyəsi 17,5% [(1,063 : 1,290) x 100 - 100 = −17,5%] aşağı düşüb.
Cari ilin yanvar-fevral aylarında isə dəmir yolu nəqliyyatı ilə cəmi 2,127 milyon ton yük daşınıb. Halbuki ötən ilin eyni dövründə yükdaşıma həcmi 2,896 milyon ton olmuşdu. Yük dövriyyəsi göstəricisi (görülən iş) isə bu iki dövrdə 1,084 milyon ton۔km-dən və 662 milyon ton۔km-ə düşüb. Əgər bu iki aylıq göstəriciləri müqayisə etsək, məlum olar ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il yük dövriyyəsinin səviyyəsi 39%, yükdaşımaların səviyyəsi 26,5% enib.
Dəmir yollarında yanvar-fevral aylarında yüklənmələr Şimal istiqaməti uzrə 20%, Qərb istiqaməti uzrə 6%, Cənub istiqaməti uzrə 75% aşağı düşüb.
Ümumiyyətlə, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində bütün nəqlliyyat növləri ilə daşınan tranzit yüklərin həcmində 22%-ə yaxın azalma əmələ gəlib.
Dəniz, hava və avtomobil yolları ilə yükdaşımalarda bu ilin yanvar-fevral dövründə müəyyən qədər artım müşahidə olunsa da (boru kəməri ilə yükdaşımalar da düşüb), ölkə üzrə ümumi yükdaşımaların səviyyəsi aşağı düşüb.