FİFA futbol qaydalarında yeni dəyişiklər etməyi planlaşdırır.
Məlumata görə, ali futbol qurumu bu qaydaları öncə aşağı yaş qrupu üzrə komandalar arasında keçirilən oyunlarda tətbiq edəcək.
Birinci dəyişiklik əvəzetmələrə aiddi. Hazırkı qaydalara əsasən, əvəzlənən futbolçu dördüncü hakimin yanından meydanı tərk etməlidi. Yeni qərara görə, oyunçu referinin işarəsindən sonra ən yaxın yerdən meydançadan çıxacaq.
İkinci dəyişiklik məşqçilərin də sarı vərəqə ilə cəzalandırılmasını ehtiva edir. Mövcud durumda çalışdırıcılar intizamsız davranışa görə birbaşa meydandan qovulurlar. Bundan sonra isə əvvəlcə “sarı” ilə cəzalandırılacaq, sonra tribunaya göndəriləcəklər.
Son dəyişiklik isə qapıdan zərbə ilə bağlıdı. İndiki qaydalara əsasən, qapıçı topu oyuna daxil edərkən mütləq topu cərimə meydançasının kənarına ötürməlidi. Dəyişiklik zamanı qolkiperlər cərimə meydançası daxilində olan komanda yoldaşına da ötürmə verə biləcək. Ancaq ötürmə anında rəqib futbolçu cərimə meydançasına daxil ola bilməyəcək.