Mayın 22-də hüquq müdafiəçisi, keçmiş siyasi məhbus İntiqam Əliyevin "Meydan" romanının təqdimatı keçirilib.
Abzas.net xəbər verir ki, təqdimat NİDA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə baş tutub.
Təşkilatçıların sözlərinə görə, “Meydan” kitabının təqdimat mərasimində 300-ə yaxın kitab yığılıb. Kitabların bir hissəsi siyasi məhbuslara göndəriləcək, bir hissəsi isə kənd məktəblərinə, uşaq evlərinə hədiyyə olunacaq. Bu cür kampaniyaların digər təşkilatlar və qruplarla birgə davam etdiriləcəyini vurğulayan NİDA, kitabları əldə etmək istəyən siyasi məhbus ailələrinə, məktəblərə, uşaq evlərinə təşkilatçılarla əlaqə yaratmağı xahiş edir. Həmçinin bildirilib ki, müəyyən səbəblərdən tədbirə qatıla bilməyən, lakin kitab kampaniyasına dəstək vermək, o cümlədən “Meydan”ı əldə etmək istəyənlər də onlara müraciət edə bilərlər.
Yeri gəlmişkən, tədbirdə “Meydan”la səslənən bəzi maraqlı əhvalatlar, zarafatlar da səsləndirilib, marağı nəzərə alaraq onları oxucularla bölüşürük.
1 vərəq = 1 manat
Tədbir zamanı NİDA İH üzvü Rəhman Məmmədli çıxış edərək, bildirib ki, kitab hazır olduqdan sonra, İ.Əliyev övladlarından kitabı oxuyub fikirlərini bildirmələrini xahiş edib. Bunun qarşılığında oğlu Nəcmin kitabı oxumaqdan imtina edib. Buna çarə tapmağa çalışan İ.Əliyev oğluna öncə vərəqi 20 qəpik qarşılığında oxumağı təklif etsə də, sonradan bu məbləği 1 manata qədər qaldırıb. Lakin oğlu mövqeyindən dönməyib.
Nəcmindən fərqli olaraq, qızı Nərminin ürəyi atasının yalvar-yaxarına davam gətirməyib, könlü xoş olsun deyə, hərdən kitabdan bir-iki səhifə oxusa da, bir neçə səhifəni bitirdikdən sonra oxumamaq qərarına gəlib.
"Mən yazmağa başlasam, elə biləcək ki, bunda nəsə alınıb"
Deyilənə görə “Meydan”ın ilkin sınaq variantında ölkənin çox tanınmış hüquqşünaslarından biri kitaba ön söz yazıb, amma müəllif onu nəşr variantına əlavə etməyib. Həmin mətni əldə edən təşkilatçılar onu oxucuları ilə bölüşür:
“İntqam Əliyevin “Meydan” romanı məni özünə bütün sahələrdə ustad sayan həmkarımın bədii ədəbiyyat sahəsində ilk və kövrək addımıdır. Hər dəfə mənə təkidlə “Ustad niyə yazmırsan? Sənin qələminin duzu, kəsəri, dərinliyi hər kəsdə yoxdur, möhtəşəm bir şey alınacaq. Səndə alınsa, bəlkə, mən də ürəkləndim”, - deyirdi. Əl çəkmədiyini görüb “Sənin də potensialın böyükdü, yaz, səndə alınsa, mən də yazaram”, - deyib başımdan elədim. Yazıb qurtarandan sonra göndərib “bax rəyini bildir” dedi. İndi də qalmışam qırıla-qırıla: bu başabəla yazara necə başa salım ki, get işinlə-gücünlə məşğul ol! Bəlkə, mən nəsə yazasıydım, bundan sonra çətin. Mən yazmağa başlasam, elə biləcək ki, bunda nəsə alınıb, ona görə, mən də sözümü tuturam. Bir sözlə, özünü də bədbəxt elədi, məni də! Amma bütün bu dostyana yarızarafat-yarıciddi qeydlərimə baxmayaraq, mən İntiqam Əliyevə bu işinə görə ürəkdən təşəkkür edirəm. Və tam ciddi deyirəm, əsərlə bağlı müəllifin gözləntilərinin hətta heç bir faizi doğrulmasa belə, insanların hətta yaşlı vaxtlarında da axtarışda olma istəyini, cəsarətini, bitib-tükənməyən enerjisini alqışlamamaq olmur. “Necə yazmalı” kimi bəzən “necə yazmamalı” örnəyinin də ictimai müzakirələrə faydası böyük olur. İntiqam Əliyev çox sahələrdə hələ heç kimin getmədiyi cığırları açıb, “Meydan” da məhz “necə yazmamalı” kontekstində çox ciddi müzakirələrin, disputların mövzusu olmaqla, əminəm, bu sahəyə misilsiz bir töhfə verəcək. Ənnağı Hacıbəyli, Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti”.Qeyd edək ki, tədbir zamanı Ənnağı Hacıbəyli belə sözlər demədiyini bəyan edib, bütün bunların ağ yalan olduğunu bildirib.
"Nə hekayə, nə povest yazmayıb durub roman yazan adamdan nə gözləyəsən"
İntiqam bəy görüşlərinin birində ehtiyatsızlıq edərək tanınmış jurnalist Xaliq Bahadırın hansısa yazısında hansısa hissəni bəyənmədiyini dostu Ənnağı Hacıbəyliyə bildirib. Hələm-hələm ələ düşməyən belə fürsəti əldən verməyən Ənnağı bəy də, bunun orasını burasını bəzəyib böyük qardaşına danışıb. Xaliq bəy nətəhər hirslənibsə əlindəki araq dolu rumkanı yerə çırparaq deyib:
"Ömründə nə hekayə, nə povest yazmadan birdən-birə roman yazmaq kimi avantürist fikrə düşmüş birisindən bundan artıq nə gözləyəsən ki!".
"Dedim axı, Əkrəm Əylislini oxu"
İntiqam bəyin kitab yazdığını eşidən hüquqşünas dostlarından biri “Ustad, roman sənlik deyil, özünü biabır eləmə”, - deyə, elə hey onu bu fikirdən daşındırmağa çalışır. Ustad da hərdən yazdıqlarından bir parçaları ona göndərirmiş ki, bəlkə, gənc həmkarı fikrini dəyişə, amma hər dəfə də eyni sözləri eşidir: “dili qurudur”, “axıcı deyil”, “bədiilik yoxdu” və s. Elə hey də təzə yazara məsləhət görürmüş ki, köhnə yazarlardan Məmməd Səidin, Süleyman Saninin, Əkrəm Əylislinin əsərlərini götürüb oxusun və o dilə yiyələnsin. Bir gün də bu danlaqlardan bezən müəllif Əkrəm Əylislinin Azadlıq Radiosunda dərc olunmuş son povestlərindən birindən bir parçanı götürüb öz romanından bir hissə kimi göndərir tənqidçi dostuna. Bir az keçmiş cavab gəlir ki, “Ustad, dili qurudur, axıcı deyil, bədiilik yoxdur, dedim axı, Əkrəm Əylislini oxu!”
Ata qızının üzünə baxır, qız da atanın, söhbəti dəyişirlər
Bir dəfə İntiqam bəy qızı Nərminlə hazırda həbsdə olan siyasi məhbus Fuad Qəhrəmanlının ailəsinə baş çəkməyə gedəndə, söhbət “Meydan”dan düşüb. Selcan müəllifdən soruşanda ki, roman hansı janrdadır, ata qızının üzünə baxıb, qız da atanın, tez də söhbəti dəyişiblər.
Bir qədər söhbətdən sonra yenə mövzu ədəbiyyatın üzərinə gələndə, bəlli olub ki, Selcan da roman yazır. Bu dəfə bəyin dili dinc durmur və Selcandan soruşur ki, onun romanı hansı janrdadır. Selcan elə bir janr adı çəkir ki, yenə də ata qızının üzünə baxır, qız da atanın və yenə söhbəti dəyişməyə qərar verirlər. O vaxtdan bəy Selcanı "ustad" deyə çağırır və əsər üzərində işləyəndə, çətinliyə düşən kimi ustada müraciət edirmiş.
"Mənə kəf gəlməyin"
İntiqam bəy romanından bir parçanı gənc həmkarı Anar Qasımlının xahişi ilə tanış olmaq üçün ona göndərir. Anar bəy həmin hissəni oxuduqdan sonra cavab yazır:
"Mənə kəf gəlməyin ustad, bunu Siz yox, Nərmin (müəllifin qızı - red) yazıb. Siz belə gözəl ədəbi dildə yaza bilməzsiniz".
"Əvvəl yeyək, sonra müzakirə edək"
İntiqam bət tez-tələsik romanın qaralama variantını başa vurub, yaxın dostlarından ədəbiyyat bilicisi saydığı ona yaxın adama qrup şəklində emaillə kitabı göndərib. İki aydan sonra utana-utana yazıb soruşub ki, "nətəhərdi, bəyəndiz?". Dəyərli jurnalistimiz Xədicə xanım (İsmayıl) cavab yazıb ki, hamı oxuyub, yaxşı bir qonaqlıq verin, gələk, ciddi müzakirəyə ehtiyac var. Bundan həvəslənən İntiqam bəy də, əməlli-başlı hazırlıq görüb. Dostlar yığışanda ev sahibinin "əvvəl yeyək, sonra müzakirə edək, ya müzakirə edək, sonra yeyək" sualına cavab olaraq "əvvəl yeyək, sonra müzakirə edək" təklifi gəlib. Yemək zamanı qonaqların tez-tez öz aralarında pıçıldaşması müəllifin diqqətini çəkib. Yemək bitib, süfrə yığışdırılıb, müzakirə vaxtı çatanda, məlum olub ki, heç kim romanı axıra qədər oxumayıb. Ziyana düşmüş, hərif yerinə qoyulmuş ev sahibinin hirsindən rənginin qaraldığını görən Xədicə xanım onun könlünü almaq üçün üzünü tutur qonaqlara ki, kim ən çox oxuyubsa, heç olmasa o danışsın görək söhbət nədən gedir, müzakirə edək. Bəlli olur ki, ən çox oxuyan Ənnağı müəllimdir. Sözü verirlər ona. Qırmızı gürcü şərabının təirindən keflənmiş Ənnağı müəllim az deyir, amma yaman deyir:
"Camaat, mən bu romanın 60 səhifəsini oxumuşam, amma hələ ki, İntiqam müəllim hindən çıxmayıb".
Yeri gəlmişkən, romanın əsas personajlarından biri Kəkillinin faciəli ölümü əsəri oxuyan çox adamı kövrəldib. Amma çox az adam bilir ki, Kəkilli öz əcəli ilə ölməyibmiş, onu həmin məclisdə plovaltı ediblərmiş. Və müəllifin oğlu Nəcmin bu qətlə etiraz olaraq o tədbirdə plovdan dilinə də vurmayıb, ancaq quzu kababından yeyib.