Bu ilin il 4 ayında bu bazarda satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 5,5 milyard manat olub ki, onun da 80 faizə qədəri bir neçə şirkətin payına düşür. Hesablamalar göstərir ki, Bravo, Araz və Bazar Store şirkətlərinin aylıq mənfəətləri 100 milyonlarla manata çatır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 10,9 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 5,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmişdir. DSK-nın məlumatından göründüyü kimi, istehlak bazarında ümumi dövriyyənin yarısından çoxu ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşür ki, onların da pərakəndə satışı əsasən bir neçə şirkətin inhisarına keçir. Hazırda bazarda hökmran mövqeyini genişləndirən Bravo, Araz və Bazar Store şirkətləridir. Onlar arasından oliqopol əməkdaşlıq bazarın bu seqmetində əvvəllər fəaliyyət göstərmiş supermarketlərin bəzilərinin birləşməsinə, digərlərinin də sıradan çıxmasına gətirib çıxarıb. Müşahidələr göstərir ki, ərzaq, işki, tütün və qeyri-ərzaq məhsullarının satışında inhisarlaşma meyli topdansatış şirkətlərinin fəaliyyətinə də təsir göstərməkdir. Belə ki, hazırda topdansatış şirkətləri adı yuxarıda çəkilən pərakəndə satış şirkətlərindən asılı vəziyyətə düşüb. Pərakəndə satış şirkətləri arasında razılaşma yalnız satış qiymətini deyil, həmçinin alış qiymətini əhatı edir. Odur ki, oliqopol pərakəndə satış şirkətlərindən asılı vəziyyətə düşən topdansatış şirkətləri gətirdikləri ərzaq məhsulları, içkilər və tütün məmulatlarını daha ucuz qiymətə onlara satmaq məcburiyyətində qalırlar. Beləliklə də xərclərini azaldan oliqopol pərakəndə şirkətlər alış və satış qiymətləri arasındakı fərqi böyütməklə daha çox mənfəət qazanırlar. Hesablamar göstərir ki, hətta 10 faizlik marja ilə onların aylıq mənfəəti 100 milyonlarla manatı üstyələyir. Getdikcə satış dövriyyəsini daha da genişləndirərək ərzaq məhsulları, içkilər və tütün məmulatlarını bazarını ekspansiya edən Bravo, Araz və Bazar Store pərakəndə satış müəssisələrinin bu gedişlə rəqiblərini tez bir zamanda sıradan çıxarıb, satış qiymətlərini istədikləri kimi diqtə edəcəyi şübhə doğurmur. Elə bu səbəbdən də onsuz da baha olan qiymətlər daha da bahalaşacaq və qazancımızın da çox hissəsi bir neçə şirkət arasında bölünəcək.