Azərbaycanda dövlət büdcəsinin xərcləri 2 milyard manatdan çox artırılır, neftin proqnoz qiyməti də dəyişdirilir.
Bunu maliyyə naziri Samir Şərifov bu gün parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O bildirib ki, gəlir və xərclərin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi üçün buna ehtiyac var.
Samir Şərifov bildirib ki, büdcə üçün xam neftin 1 barelinin proqnoz satış qiymətinin 45 dollardan 55 dollara artırılması nəzərdə tutulur.
Maliyyə naziri deyib ki, bu ilin dövlət büdcəsində xərclər 2 milyard 14 milyon manat artırılır.
Yəni dövlət büdcəsinin xərcləri 23 milyard manatdan çox olacaq.
Pulu artırılacaq dövlət qurumları
Samir Şərifovun verdiyi məlumata görə, Şərq-Qərb dəmir yolu dəhlizinin yenidənqurulması üçün "Azərbaycan Dəmir Yolları" QSC-yə 100 milyon, kənd təsərrüfatına dövlət qayğısının artırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinə 98 milyon manat ayrılacaq.
Təbii fəlakətlərin nəticələrinin daha çevik aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi və turizmin inkişafı üçün Dövlət Turizm Agentliyinin hərəsinə 20 milyon manat ayrılması nəzərdə tutulur.
Nazir deyib ki, "Ümid", "Babək", "Qarabağ" yataqlarının işlənməsi üçün 663 mln. manatın ayrılması da planlaşdırılır.
Bu ilin büdcəsinin gəlirləri cari illə müqayisədə 20 faiz artaraq 20.1 milyard manat, xərcləri isə 18 faiz artaraq 21.1 milyard manat təsdiqlənmişdi.