Azərbaycanda bəzi aksizli mallar üzrə vergi dərəcələri artırılıb.
Prezident İlham Əliyev dünən, iyunun 26-da Vergilər Məcəlləsinə bununla əlaqədar dəyişiklikləri təsdiq edib.
Dəyişikliklər məcəllənin 190-cı maddəsinə edilib. Həmin maddə aksizli malların siyahısını və vergi dərəcələrini ifadə edir.
Həmin maddənin iki bəndinə, 190.3.7 və 190.3.8-ci bəndlərinə dəyişiklik edilib.
190.3.7-ci bənddə siqarlar, ucları kəsilən siqarlar və nazik siqarlardan ötrü vergi dərəcələri müəyyən edilir. İndiyədək 1000 ədəd siqara 10 manat məbləğində vergi dərəcəsi müəyyən edilirdi. Həmin vergi dərəcəsi 20 manata qaldırılıb.
Tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərindən ötrü vergi dərəcələrini müəyyən edən 190.3.8-ci bəndə də dəyişiklik edilib. İndiyədək hər 1000 ədəd siqareta 4 manat vergi dərəcəsi müəyyən edilirdisə, həmin məbləğ 12 manata qaldırılıb.
Dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək.