Qubad İbadoğlu
Hər bir ölkədə partlayışlar bir çox səbəblərdən, əsasən də təbii fəlakətdən, texniki nasazlıqdan, məsuliyyətsiz və pis idarəçilikdən baş verir. Mingəçevirdəki son hadisələr göstərdi ki, Azərbaycandakı partlayış dövlət şirkətlərində çoxdan kök salmış korrupsiyanın nəticəsidir. Bu partlayış onu da göstərdi ki, Azərbaycan pis idarə olunur, belə fövqəladə vəziyyətdə məsul orqanlar arasında koordinasiya, böhranı idarəetmə proqramı və meneceri yoxdur. Ona görə də Mingəçevir sonuncu deyil. Azərbaycanda indiyə qədər olan və bundan sonra baş verəcək bütün partlayışların başlıca səbəbi korruspiyadır. Bu ölkədə korrupsioner məmurların idarə etdiyi hər bir sahə potensial partlayış mənbəyidir. Belə partlayışlar yalnız Mingəçevirdə, Gəncədə deyil, ölkənin bütün regionlarında və dövlətin mülkiyyətində olan hər bir sahədə gözləniləndir. Çünki, Azərbaycan yalnız sahə deyil, həm də milli səviyyədə pis və korrupsionerlər tərəfindən idarə olunur. Korrupsiya Azərbaycanı içindən dağıdır, onun "səsi " uzun müddət çıxmasa da nəticəsi bir gün böyük partlayışa gətirib çıxarır və sonda da bütün Azərbaycan qaranlığa, susuzluğa, yolsuzluğa məhkum olur. Amma ən pisi odur ki, yenə də korrupsioner məmur cəzadan kənarda qalır. Çünki, korrupsiya Azərbaycanda sistem xarakter daşıyır və ölkədəki idarəetmə onun üzərində qurulub. Bu ölkədə hətta korrupsiya nəzarət edən dövlət orqanlar da korrupsiyalaşıb, ictimai nəzarət institutları da sıradan çıxarılıb. Nə qədər ki, korrupsiya qarşı mübarizədə siyasi iradə nümayiş etdirilmir, korrupsioner məmurlar cəzalandırılmır, Azərbaycanda partlayışlar bir o qədər də davam edəcək. Nə qədər ki, dövlət mülkiyyətində olan iri müəssisələr müsabiqə yolu il\ özəlləşdirilmir, partlayışlar yalnız enerji sistemində deyil, həm də digər sahələrdə də müşahidə olunacaq. Nə qədər ki, silah alverində korrupsiya var, bir o qədər də Qarabağ azad olunmayacaq, qarabağlılar da bu dünyadan torpaq həsrəti ilə köçəcək. Nə qədər ki, avtoritar rejim islahata getmir, idarəetmənin bütün səviyyələrində qərarların qəbulu inhisarda saxlanılır, bu prosesdə ictimai iştirakçılıq imkanları məhdudlaşdırılır, Azərbaycan belə partlayışlardan sığortalanmayacaq. Nə qədər ki, ölkədə problem yoxdur, hər şey ideal vəziyyətdədir təbliğatı aparılacaq, bir o qədər də maaşlar, pensiyalar artmayacaq, işsizlik, yoxsulluq daha da kütləviləşəcək və bu ölkədə bir gün baş verəcək sosial partlayışla çox şeyə sona qoyulacaq. Necə ki, Ben Alinin 22, Hüsnü Mübarəkin 30, Qəddafinin 42 illik hakimiyyəti pis və korrupsiyalı idarəçilik, milli sərvətlərin və gəlirlərin ədalətsiz bölüşdürülməsi ucbatından dolana bilməyən insanların qəzəbi qarşısında geri çəkilməli oldu.. Odur ki, nə qədər ki, gec deyil, korrupsiya qarşı müharibə elan olunmalı, bütün sahələrdə ilk növbədə də məhkəmə-hüquq sistemində islahatlara başlanılmalı, ictimai yalanlara son qoyulmalı, demokratik institutlara fəaliyyət imkanları yaradılmalıdır.