Qubad İbadoğlu
Hakimiyyət hazırda 2028-ci ildə xərclənməli olan vəsaiti bölüşdürür, yəni 10 il bundan sonra məsrəf olunmalı neft pulları da artıq xərclənib.
Azərbaycan Respublikası Dövlət Neft Fondu ötən il üçün illik hesabatını açıqlayıb. Hesabatda göstərilir ki, 2001-2017-ci illər ərzində ARDNF-in daxilolmaları 137,87 milyard ABŞ dolları səviyyəsində olub, bu vəsaitin təxminən 35,8 milyard ABŞ dolları (26%) yığıma yönəldilib. Bu o deməkdir ki, ötən 16 il ərzində ADRNF-ə yığılan neft gəlirlərinin 74 faizi və ya 102 milyard dolları xərclənib. Xərclənmiş vəsait manatın hazırkı məzənnəsi ilə 173,4 milyard manat edir. Bunu da insafla adambaşına böləndə hər nəfər 17 min 694 manat, orta statistik ailəyə isə 80 min manata yaxın vəsait düşür. Bununla diqqətinizi 3 məqama çəkmək istərdim. 1. ADRNF-ə yönələn neft pullarının bu ilə qədər 74 faizinin xərclənməsi, onun nəsillər arasında ədalətsiz bölüşdürüldüyünü, eyni zamanda xalqın sərvətinin dördə üçünün yalnız bir hakimiyyət dövründə xərcləndiyini deməyə əsas verir. Bu hesabla mövcud hakimiyyət hazırda 2028-ci ildə xərclənməli olan vəsaiti bölüşdürür, yəni 10 il bundan sonra məsrəf olunmalı neft pulları da artıq xərclənib. 2. Xərclənən neft pulları yalnız ARDNF-dən ayrılan pullarla bitmir. Neft pullarının bir hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə daxil olub, eyni zamanda ondan qazanılan mənfəətdən xarici şirkətlər dövlət büdcəsini vergi və digər ödəmələr ediblər. Hesablamalar göstərir ki, hər iki mənbədən xərclənən vəsaitlərin birlikdə məbləği 40 milyard ABŞ dollarını ötür. Beləliklə də ötən 16 ildə Azərbaycanın əldə etdiyi neft gəlirlərinin cəmi məbləği 175 milyard dollardan çox olub. 3. Xərclənmiş neft pullarının hesabatlılığı və şəffaflığının təmin olunmaması, onun əsasən büdcəyə transfer (82,2 milyard manat) olunaraq şişirdilmiş infrastruktur layihələrinə yönəldilməsi bu pulların xeyli hissəsinin mənimsənilməsinə gətirib çıxarıb. Akademik tədqiqatlar ( resursların lənəti, renta hakimiyyəti, holland xəstəliyi və s.) göstərir ki, sürətlə xərclənərək mənimsənilən neft pulları nə hakimiyyətə, nə də təəssüflər olsun ki, millətlərə xoşbəxtlik gətirməyib.