Ağdamın “Qarabağ” klubu Moldovanın “Şerif” komandasına Bakıda qalib gələrək, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Tiraspolda 0:1 hesabı ilə məğlub olam ağdamlılar, bunun əvəzini 3:0 hesablı qalibiyyətlə çıxa bildilər. “Qarabağ”ın heyətində qolları 9-cu dəqiqədə Maksim Medvedev, 42-ci dəqiqədə Donald Qerye, 56-cı dəqiqədə Filip Ozobiç vurdular.
Son beş ilin Azərbaycan çempionu olan “Qarabağ” bu mövsüm Çempionlar Liqasının seçmə mərhələsində ilkin olaraq Sloveniyanın “Olimpiya” klubuna (1:0, 0:0), Albaniyanın “Kukesi” klubuna (0:0, 3:0) hesabı ilə qalib gəlib. Lakin sonradan Belorusun “Bate” komandasına ümumi hesabda məğlub olan “Qarabağ” (0:1, 1:1), Avropa Liqasının pley-off mərhələsində oynayıb.
Builki qrup mərhələsi “Qarabağ” klubu üçün ümumilikdə beşinci olacaq.
Ağdamlılar bundan əvvəl üç dəfə 2014-2015, 2015-2016, 2016-2017 illər mövsümlərində Avropa Liqasının qrup mərhələsində, 2017-2018-ci mövsümündə isə Azərbaycan futbol tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Amma dörd cəhdin heç birində Azərbaycan klubu qrup mərhələsini keçə bilməyib.
Avropa Liqasının qrup mərhələsinin püşkü sabah atılacaq.