Samir Əliyev: ''Azalmanın səbəbi dollara avqusta tələbatın çox olması olub''
Mərkəzi Bankın valyuta ehtiyatları avqustun 31-ə olan müddətə 5 milyard 503.5 milyon dollar olub.
Bu barədə Mərkəzi Bank məlumat yayıb. Bildirib ki, bu, iyul ayı ilə müqayisədə 43,4 milyon dollar və yaxud 0,8 faiz azdır.
İqtisadçı Samir Əliyevin fikrincə, bunun əsas iki səbəbi var:
“Birincisi dolların avqust ayında valyuta ehtiyatı səbətində olan digər valyutalara, xüsusən də avroya münasibətdə bahalaşmasıdır. Avro valyuta ehtiyatlarımızda dollardan sonra ikinci ən böyük çəkiyə malikdir və payı illər üzrə bir qayda olaraq 30-40 faiz intervalında dəyişir. Avqust ayında avronun dollara nəzərən 0,9 faiz ucuzlaşması nəticəsində ehtiyat təxminən 14-20 milyon dollar itirib. Səbətə daxil olan digər valyutalar da dollara münasibətdə eyni səviyyədə ucuzlaşıb və bu itkinin həcmini bir qədər də artırır”.
İqtisadçı deyir ki, azalmanın ikinci səbəbi böyük ehtimalla avqust ayında dollara tələbatın kəskin artması fonunda Mərkəzi Bankın banklara valyuta dəstəyi (məsələn, swap) olub.
İyulun sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 546.9 milyon dollar təşkil edib.
Ümumilikdə isə Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 168,9 milyon dollar və yaxud 3,2 faiz artıb.