Avropa Olimpiya Komitəsi (AOK) Azərbaycana III Avropa Oyunlarını keçirməyi təklif edib.
Bu barədə oxu.az yazır ki, ilin sonunda AOK Azərbaycan da daxil olmaqla əlli üzvünə 2023-cü ildə baş tutacaq III Avropa Oyunları üçün tenderdə iştiraka dəvət məktubu göndərib.
Məlumata görə, artıq Polşa Katovitse şəhərinin namizədliyini irəli sürüb. AOK-un italiyalı baş katibi Raffaele Panyotsi bildirib ki, başqa bir neçə Avropa ölkəsindən də onlara müraciət olub.
Müraciət üçün son tarix bu ilin 28 fevralıdır. İyunun 20-də isə təşkilatçı ölkənin adı açıqlanacaq.
İlk Avropa Oyunları 2015-ci ildə Bakıda (və Mingəçevirdə) baş tutub. II Avropa Oyunları isə bu il Belarusun paytaxtı Minskdə iyunun 21-dən 30-dək keçiriləcək.