Sentyabrın 1-dən Gürcüstanda müəllimlərin maaşlarının artırıldığı elan olunub. Bu barədə təhsil, elm, mədəniyyət və idman naziri Mixail Batiaşvili açıqlama verib.
Batiaşvili bildirib ki, 2019-cu il oktyabr ayının əvvəlindən etibarən statusa malik və minimum 15 dərs saatı olan bütün müəllimlərin maaşı azı 150 lari artacaq.
Gürcüstanda məktəb müəllimləri dörd kateqoriyaya bölünür: praktikant müəllimlər birinci dərəcəli, baş müəllimlər ikinci dərəcəli, aparıcı müəllimlər üçüncü, mentor müəllimlər isə dördüncü dərəcəli hesab olunur.
Baş müəllimlər 1011 lari (təxminən 348 dollar), aparıcı müəllimlər 1435 lari (təxminən 495 dollar), mentor müəllimlər isə 1745 lari (təxminən 600 dollar) maaş alacaqlar.
“Dərs saatları daha çox olduğu təqdirdə isə daha artıq maaş alacaqlar”, – deyə Batiaşvili qeyd edib.
Təhsil Nazirliyi müəllimlərin maaş artımı tendensiyasının davam edəcəyini və 2022-ci ilə qədər baş müəllimlərin 1700 lari, aparıcı müəllimlərin 2135 lari, mentor müəllimlərin isə 2445 lari əmək haqqı alacağını vəd edir.
"Gürcüstanın iqtisadi resursları bizdən az ola-ola bu addım atılır"
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Abzas-a açıqlama verib. Ekspertin sözlərinə görə, ümumiyyətlə inkişaf etmiş ölkələrdə əsas oxşarlıq ondan ibarətdir ki, bütün bu inkişaf tendensiyasının əsasını təhsil sahəsindəki ciddi islahatlar qoyub.
[caption id="attachment_79399" align="aligncenter" width="1050"] Natiq Cəfərli[/caption]N.Cəfərlinin sözlərin görə, bütün təcrübələrdən də bəlli olur ki, islahatların əsası müəllimlərin maaşları ilə bağlıdır, çünki müəllimlərin maaşları yüksək olduqda, digər qayğıları da az olur və təhsilə köklənirlər. Bu da, verilən təhsilin keyfiyyətini artırır.
"Azərbaycanda müəllimlərin əməkhaqqısı kifayət qədər aşağıdır və hətta son artımlardan sonra da çox aşağıdır. Əlavə olaraq da, elə bil ki, müəllimlərlə hökumət arasında bir centelman anlaşması var və hökumət müəllimlərin repetitor kimi çalışıb, dövlətə vergi verməməsinə göz yumur. Müəllimlər isə, ölkədəki seçkilərdə hökumətin siyasətini dəstəkləyib, seçki saxtakarlığında iştirak edir".
Ekspert bildirir ki, bu pis ənənəyə son qoymaq lazımdır və müəllimlərin əməkhaqqıları kifayət qədər artırılmalıdır.
"İnsan kapitalını neft kapitalına çevirmək"
Natiq Cəfərli deyir ki, Gürcüstanın iqtisadi resursları bizdən az ola-ola bu addım atılırsa, bizdə də ciddi yol xəritəsinin hazırlanmasına ehtiyac var.
İqtisadçının fikrincə, Azərbaycan rəsmiləri, prezidenti tez-tez deyir ki, insan kapitalını neft kapitalına çevirmək lazımdır.
"Amma hazırda biz bunu görmürük. Əgər həqiqətən də bunu istəyirlərsə, təhsil sahəsinə önəmi artırmalıdırlar. Təhsilin keyfiyyəti artacaqsa, dayanıqlı inkişaf da olacaq. Azərbaycanın indiki iqtisadi potensialı ilə müəllimlər ən azı 500 manat maaş almalıdır və 1500 manata kimi qalxmalıdır".
Ekspert deyir ki, Azərbaycanda bir qısır döngə yaranıb, ən aşağı bal toplayanlar pedoqoji ixtisaslara qəbul olurlar və orda da keyfiyyətsiz təhsil alıb, məktəbdə keyfiyyətsiz təhsil verirlər.
"Bu qısır döngəyə də bir çarə tapmaq lazımdır", - deyə iqtisadçı ekspert Natiq Cəfərli bildirir.
[caption id="attachment_46188" align="aligncenter" width="960"] Məhəmməd Talıblı[/caption]İqtisadçı Məhəmməd Talıblı saytımıza açıqlamasında deyir ki, ümumiyyətlə Gürcüstanda dövlət büdcəsindən nəzərdə tutulan xərclər daha çox sosial yönümlüdür.
"Neft qiymətlərinin yüksək olduğu 2012-ci ilə qədər sosial xərcləri artırmayıbsa..."
Onun fikrincə, burda təkcə təhsili qeyd etmək olmaz, səhiyyə, sosial müdafiə və s. qeyd etmək lazımdır.
M.Talıblının sözlərinə görə, əslində Azərbaycan büdcəsi də əsasən sosial yönümlü olmalıdır.
"Azərbaycanda da dövlət büdcəsindəki xərclər daha çox sosial yönümlü olmalıdır. Çünki Konstitusiyada da Azərbaycan sosial iqtisadi yönümlü dövlət kimi qeyd olunub. Lakin biz bunun əksini görürürk. Ümumiyyətlə isə mən dövlət büdcəsindən sosial yönümlü xərclərin artmasına inanmıram".
İqtisaçının sözlərinə görə, hökumət neft qiymətlərinin yüksək olduğu 2012-ci ilə qədər sosial xərcləri artırmayıbsa, hazırki iqtisadi durumla da edə bilməz.