Son zamanlarda geniş kütlələr tərəfindən sevilən və izlənilən komiks filmlər "Joker" ilə birlikdə yeni bir mərhələyə qədəm qoydu deyə bilərik. Milyard dollarlıq kassa gəliri əldə edən bu filmlərin bir çoxu məşhur rejissor və aktyor tərəfindən rədd edilir. Hətta kino tarixinə dərin iz qoymuş Martin Skorseze kimi böyük rejissorun "Marvel filmləri oyunlara daha çox bənzəyir, nəinki kinoya" deməsi, Nuri Bilge Ceylanın "övladlarıma görə bu tip filmləri izləməli oluram, bu da mənim cəzamdır" kimi açıqlama verməsi komiks-superqəhrəman filmlərinə münasibətin bir mənalı olmadığını açıq-aşkar göstərir. Lakin Todd Fillipsin rejissorluğunda ortaya çıxan və "DC" komiks dünyasına aid olan "Joker" filmi bu fikri yerlə-yeksan etdi. Film əvvəlcə üç ən böyük film festivaldan biri sayılan "Venesiya"da əsas mükafat olan "Qızıl şir"i qazandı, daha sonra da cəmi bir həftə ərzində dünyada 250 milyondan çox gəlir əldə edərək həm izləndi, həm də geniş kütlələrə rahatlıqla çatdığını göstərdi. Müqayisə üçün deyim ki, Andrey Tarkovskinin "İvanın uşaqlığı" əsəri, Mikelancelo Antonioninin "Qırmızı səhra" filmi, Akira Kurosavanın "Raşomon"u "Qızıl şir"i qazanan və tarixə keçən filmlərdəndir. Təbii ki, eyni mükafatı qazanmaqları həmin filmlərlə birlikdə və ya eyni səviyyədə görülə biləcəyinə dair dəlil təşkil etmir, lakin bu mükafatın ciddiliyini anlamaq üçün kifayət qədər böyük nişandır. Bəs necə olur ki, "sənət filmləri az izlənir və ya geniş kütlələrə çatmır" fikri "Joker"də ofsayda düşür?
Texnoloji inkişaf nəticəsində komiks əsərlərin fantastik dünyasını ekrana adaptasiya etmək nisbətən asanlaşdı və təsadüfi deyil ki, 2000-lərdən etibarən bu tərzdə filmlər daha çox uğurlar qazanmağa başladı. Bu tip filmlər həm Kristofer Nolanın (Batman trilogiyası), həm də Kevin Fayqinin (Marvel Sinematik Dünyası) əməkləri nəticəsində bütün dünyada, xüsusilə gənclər arasında sevilərək izləndi. Zənnimcə, Todd Fillipsin çəkdiyi bu filmin hansısa komikslə əlaqəsi olmasaydı, popkulturanın bağrından qopan Joker obrazı əsas qəhrəman kimi təqdim edilməsəydi, əvəzində daim təklənən və xor görülən X bir adamın hekayəsi kimi təqdim edilsəydi, geniş kütlələr tərəfindən belə reaksiya görməsi mümkünsüz olardı. Bir-iki mükafat alan, tənqidçilər tərəfindən bəyənilən və illər ötdükcə yalnızca kinomanlar tərəfindən xatırlanan bir iş olardı. Lakin hekayənin qurulması və nəqli uşaqlıqdan bəri tanıdığımız, bildiyimiz obrazın üstündə olduğu üçün insanlara çatması daha rahat şəkildə baş tutdu. Bu filmin kassa uğuru həm də özündən əvvəlki filmlərlə əlaqədardır. Digər vacib sual isə budur: Necə oldu ki, popkulturanın ayrılmaz hissəsi olan, böyük rejissorlar tərəfindən xor görülən bir tərz belə böyük film mükafatı qazandı?
Yuxarıda da qeyd etdiyim kimi, film sadə, əzilən bir adamın hekayəsidir. Artur Flek anası ilə birgə yaşayan. atasız böyüyən və anasının rifahını yüksəltməyə çalışan biridir. Bu səbəbdən də klounluq edir, lakin bunu da tam yaxşı bacara bilmir. Başqaları onu qəsb edir, Artur travmasından dolayı yerli-yersiz əcaib bir formada güldüyü üçün insanların heyrət, ikrah dolu baxışlarına məruz qalır. Bir sözlə, Artur Flek fəlsəfədə qarşımıza çıxan "digər"inin ətə-cana bürünmüş halıdır. Rejissor hekayəni qurarkən bir insanın faciəsini göstərmir, bu faciənin miqyasını genişləndirir və bütün cəmiyyətin portretini təqdim edir. Portretdə varlılar və kasıblar çox aydın şəkildə fərqləndirilir. Sinfi bərabərsizliyin ekran həlli təkcə Arturun həyatında gördüklərimizlə məhdudlaşmır. Zir-zibil daşan küçələrlə, hər tərəfindən kasıblıq və səfillik yağan şəhər mənzərələri ilə kompozisiya tamamlanır. Varlılar və onların həyatı o qədər uzaq və xəyalidir ki, yaxın düşmək mümkün deyil. Artur varlı və adlı-sanlı Tomas Ueynin evinə getsə də, qapıdan içəri keçə bilmir. Tomasın malikanəsi ilə Arturun baxımsız evi ziddiyəti daha da aydınlaşdırır. Bütün film boyu davam edən və bir-birini tətikləyən hadisələr kütləvi iğtişaşlara gətirib çıxarır. Bu iğtişaşlarda da varlılar öz komfort zonasından ayrılmır, təmiz və parlaq frakları ilə Çaplinin "Modern times" filmini izləyirlər. Hələ filmi izləməyənləri nəzərə alıb başverənləri nəql etməyəcəm, lakin bir məqamda Arturun dediyi "ölən sizlərdən biri yox, mən olsaydım, fikir vermədən üstümdən keçib gedərdiniz" deməsi filmin bütün fikrini açır. Sinfi bərabərsizlik və varlıların çox varlı, kasıbların isə çox kasıb olması, həyat şərtlərinin, edilən diqqətin eyni olmaması rejissorun vurğulamaq istədiyi məqamdır.
Ümumilikdə, Arturun hekayəsinə və filmin senarisinə nəzər yetirdiyimiz zaman klişe məqamların olduğu aşkardır. Bundan əvvəl dəfələrlə işlənən, bir insanın tamamilə pisə çevrilməsini göstərən onlarla, bəlkə də yüzlərlə film var. "Joker"i çoxundan fərqləndirən əsas məqam isə aktyor Xoakin Feniksin möhtəşəm performansı və improvizasiyaları, atmosferin yaradılması, düzgün musiqi seçimidir. Elə ilk səhnələrdəcə film izləyicini yaxalayır və Arturun qəhqəhələri ilə obrazın ruh halı açılır. Obrazın yaşadığı sıxıntılar, çəkdiyi iztirablar izləyiciyə ötrülür və izləyici ilə ekran əsəri arasında eyniləşmə baş verir. Artıq izləyici də özünü Artur Flek kimi hiss edir. Rejissorun Martin Skorseze filmlərindən təsirlənməsi, “Taksi sürücüsü”, “Komediya kralı” kimi filmlərin motivlərinin və atmosferinin bənzərliyi bizi 1970-80-ci illər Amerikasına aparır.
Filmdə əsas narahatedici məqam isə şiddətin yüksək dozada göstərilməsidir. Şiddət filmin əsas özəyini təşkil edir. Elə buna görə də dünyada pozitiv qarşılanmır, insanları başqalarına qarşı şiddətə sövq etdiyi deyilir. Lakin filmə tam diqqətlə baxan və ilk anlardan etibarən özünü Arturun yerinə qoyan heç bir izləyici cinayət törətmək istəməz. Arturun Jokerə çevrilməsi, xeyir tərəfindən şər tərəfinə keçməsi onun günahı yox, sistemin və bu sistemi davam etdirən şəxslərin təzyiqinin nəticəsidir. Alan Murun (Alan Moore) "Ölümcül zarafat" (The killing joke) komiks kitabı Joker personajının orijinal hekayəsini təqdim edən əsərlərdəndir və müəllif orada bir insanın şər tərəfinə keçməsini "Bir pis gün" ideyası ilə açıqlayır. İnsan bir gün içində yaşadığı bütün neqativlərlə birlikdə tamamilə başqa bir insana çevrilə bilər deyir. Bu filmdə isə Arturun "Joker"ə çevrilmə həlli bir günün yox, bir həyatın məhsuludur. Həmin həyatda Artur xor görülür, alçaldılır, ikinci dərəcəli insan münasibəti görür, bunun nəticəsində də hissə-hissə, parça-parça öz kimliyini itirir. Onu xoşbəxt edən yeni kimliyinə keçir, hər dəfə qətl törətdikcə özünü gerçəkləşdirdiyi üçün zövq alır, sevinir, rəqs edir. Həyatın dözülməz zərbələrinə qarşı çarəsizliyini gizlətmək naminə özü zərbələr endirir. Belə bir situasiyada sistemi, insanların bir-birinə qarşı münasibətini analiz etmək əvəzinə "şiddət təbliğatı" edir deyərək özünü görməzliyə vurmaq ən yaxşı halda sadəlövhlük, ən pis halda isə ikiüzlülükdür.
Kannda əsas mükafatı qazanan "Parazitlər"in strukturu da sinfi bərabərsizlik üzərində inşa edilmişdi və Venesiyada baş mükafatı qazanan filmin də bu minvalda olması çox şeydən xəbər verir. İncəsənət adamları ətrafında baş verən haqsızlıqlara, ədalətsizliklərə müxtəlif yozumlar təklif edirlər. "Joker" filmi də popkulturadan bəslənən, lakin ziddiyətləri yaxşı göstərməyi bacaran filmdir. Bir-birinə bənzəməyə başlayan komiks filmlərinə alternativ təklif edən və davamlı olması üçün əsas şərtin kassa olduğu bir mühitdə uğur qazanmağı bacaran bu film sektor üçün yeniliklər vəd edir. Prodüserlər, rejissorlar qazanılan uğuru nəzərə alıb bu tərz filmlər çəkməyə davam edə bilərlər. Yüksək səviyyədə ekran həlli, aktyor oyunu, vizualizasiya təklif ediləndən sonra, bütün kinosevərlər buna ancaq sevinə bilər.
Hacı Səfərov