Oktyabrın 24-də Dünya Bankı “Doing Business 2020” (“Biznes qurmaq”) adlı illik hesabatını açıqlayıb. Builki hesabat inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələrlə bu sahədə ayaqlaşmağa çalışdığını göstərir. Ancaq yenə də aradakı fərq böyükdür.
Bu reytinq biznesə başlamaq, tikinti üçün icazənin alınması, elektrikin əldə olunması, mülkiyyətin qeydiyyatı, kredit almaq, minoritar investorların qorunması, vergi ödəmək, sərhədlərarası ticarət, kontraktların qüvvəyə minməsi və problemlərin həlli kimi kriteriyalar üzrə dəyərləndirilir.
Bu ilki "Doing Business" reytinq cədvəlində 190 ölkənin adı var. Reytinq cədvəlinin hər il Dünya Bankı hazırlayır. Cədvəldə Qafqazdan ən yüksək reytinqli ölkə Gürcüstandır. Belə ki, Gürcüstan 83,7 balla siyahıda yeddinci yerdədir.
Reytinq ölkələrdə bizneslə məşğul olmaq üçün 10 göstərici əsasında hazırlanıb. Gürcüstan biznesə başlamağın sadəliyi bəndinə görə dünyanın ən yaxşı ikinci ölkəsinə çevrilib. Birinci yerdə isə Yeni Zellandiya dayanır.
Həmçinin, Gürcüstan kiçik bizneslə məşğul olan investorların hüquqlarının qorunması sahəsində də dünya üzrə yeddinci yerdədir. Tikintilərə icazə verilməsi məsələsində idarəetmənin şəvvaflaşdırılmasına görə də Gürcüstanın mövqeyi ən yaxşı iqtisadiyyatı olan ölkələrin arasındadır.
Qafqazda Gürcüstandan sonrakı yerdə isə 76,7 balla Azərbaycan dayanır. Azərbaycan 190 ölkə içində 34-cü yeri tutub. Ötən il isə Azərbaycan 25-ci yerdə idi.
Dünya Bankının hesabatında deyilir ki, Azərbaycanda bu il vergilərin ödənməsinin çətinləşdirib, çünki bu ildən əmək haqqından tutulmalar dəyişib. Bəzi kriteriyalar üzrə isə təkmilləşmə baş verdiyi vurğulanır.
Ermənistan isə biznesin asanlığı məsələsində Azərbaycan və Gürcüstandan xeyli gerilərdə yer alıb, belə ki, bu ölkə 74,5 balla 47-ci yerdə qərar tutub.
Siyahıda biznesi ən çox asanlaşdıran ölkə kimi ilk yerdə 86,6 balla Yeni Zellandiyanın adı gəlir, onun arxasınca Sinqapur, Honq-Konq, Danimarka, Cənubi Koreya və ABŞ gəlir. Ən sonuncu yerlərdə isə Venesuela, Eritreya və Somali dayanır.
Azərbaycanın digər iki qonşusu Türkiyə 33-cü yerdə, Rusiya isə 28-ci yerdədir.