Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Azərbaycan çempionu “Qarabağ” Kiprdə yerli “APOEL” komandasına 1:2 hesabı ilə məğlub oldu.
Oyun Azərbaycan çempionu üçün yaxşı başladı. Artıq 10-cu dəqiqədə Dani Kintananın vurduğu künc zərbəsindən sonra Maksim Medvedev başla topu qapıya göndərdi.
Oyunun ikinci hissəsində “Qarabağ” futbolçularının üç ardıcıl real qol vəziyyəti yaratmasına baxmayaraq, ikinci qol kiprlilərin qapısından keçmədi. Meydan sahiblərinin qapıçısı hər üç vəziyyətdə komandasını xilas etdi. Bunun əvəzində “APOEL” 59-cu dəqiqədə Souza, 88-ci dəqiqədə Efremin dəqiq zərbələri ilə oyunu öz xeyrinə başa vura bildi.
Dörd turdan sonra qrupda birinci yerdə 12 xalla İspaniyanın “Sevilya” klubu qərarlaşıb. “Qarabağ” və “APOEL”in 4 xalları var. Lüksemburqun “Düdelanj” klubu 3 xalla sonuncu yerdədir.
“Pley-off” mərhələsinə düşmək üçün qrupda ən azı ikinci yeri tutmaq lazımdır. Son iki turda Azərbaycan çempionu “Düdelanj” və “Sevilya” klubları ilə görüşəcək.