Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) maye qazın (LPG) qiyməti artıb. “Azpetrol” şirkətlərinə məxsus YDM-də maye qazın qiyməti 0,45 manatdan 0,65 manata qalxıb.
Bir neçə gün idi ki, YDM-də maye qaz qıtlığının yaşandığı deyilirdi. Yayılan məlumatlara görə əsasən “Azpetrol”un Bakının Nobel prospektində və Qusar şəhərində yerləşən YDM-lərində satış bərpa olunub.
“Azpetrol”-dan APA-ya bildirilib ki, qiymət təchizatçı tərəf olan “Məişət Maye Qaz” zavodunun onlara satdığı qiymət əsasında formalaşıb.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov isə deyib ki, qiymət dövlət, o cümlədən SOCAR tərəfindən tənzimlənmir:
“Hazırda maye qazın qiymətini təchizatçı şirkətlər özü tənzimləyir. Biz qazı aşağı qiymətə satırdıq, belə ki, dövlət qarşımıza bu tələbi qoymuşdu. Əvvəllər təchizatçılar maye qazı ancaq bizdən alırdı. İndi isə, ola bilsin, idxal edirlər. Belə olduğu təqdirdə istisna deyil ki, qiymət dəyişə bilər".
İ.Əhmədov əlavə edib ki, hazırda ölkədə maye qaza tələbat artmaqdadır: "Belə ki, bu məhsul həm də kimya sənayesində xammal kimi istifadə olunur".
“Məişət Maye Qaz” QSC-dən deyilib ki, qiymət artımı zavodun təmirə dayanması və bu müddət ərzində maye qazın ölkəyə idxal edilməsi ilə əlaqədardır: “Zavodda təmir işləri artıq başa çatdırılıb. Yaxın zamanlarda LPG-nin köhnə qiymətlə satışı bərpa olunacaq”.
“SOCAR Petroleum” şirkətinin məlumatına görə, sözügedən zavodda təmir gedən müddətdə SOCAR YDM-lərində maye qaz satılmayıb: “Hazırda “Məişət Maye Qaz”dan maye qazın tədarükünü gözləyirik”.
ReAL Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli Meydan TV-yə maye qazın qiymətinin artmasının gözlənilən olduğunu və son 2 ayda bununla bağlı hazırlığın getdiyini bildirib.
[caption id="attachment_5040" align="aligncenter" width="1280"] Natiq Cəfərli[/caption]İqtisadçı qiymət artımının səbəbini bərbad idarəetmənin və korrupsiyanın nəticəsi hesab edib:
“SOCAR öz əməliyyat xərclərini şişirdir və bu, maya dəyərinə təsir edir, min kub qazın maya dəyərini 156 manat göstərir, amma nə üçün baha olmanın əsaslandırması yoxdur. Bütün bunlar əhalinin çiyninə yüklənir. Azərbaycanda qaza olan illik tələbat 11 milyard kubmetrdir, bunun 30 faizi pulsuzdur. Söhbət ABƏŞ-in Azəri-Günəşli yataqlarından aldığı səmt qazından gedir.
Yerdə qalır SOCAR-ın çıxartdığı qaz və “Şahdəniz” yatağından çıxarılan qaz. Səmt qazının pulsuz verilməsi hökumətə imkan verirdi ki, əhali üçün qaz qiymətlərini normal saxlasın, həm də maye qaz qiymətlərini də ətraf ölkələrə nisbətən daha ucuz satsın. Çünki heç kim maye qazı başqa ölkələrə daşıya bilməz”.
Natiq Cəfərli ilin sonunda dizel yanacağının qiymətinin artacağının gözlədiyini dedi:
“Çox güman ki, yaxın gələcəkdə dizel yanacağı ilə bağlı informasiyalar yayılmasına və əhalinin qiymət artımının hazırlanmasına tədbirlər görülməsini görəcəyik. Hökumət 60 qəpiyi ucuz sayır və qonşu ölkələri misal kimi göstərir”.