2019-cu ilin makroiqtisadi proqnozları 2018-ci ilin proqnozlarına çox bənzərdir, buna görə də 2019-cu ildə devalvasiyadan danışmaq ciddi deyil.
Bu barədə mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
"Bizim bütün proqnozlarımız makroiqtisadi sabitliyə əsaslanır. Ötən il tədiyyə balansına profisit qeydə alınıb. Dövlət Neft Fondunun aktivləri 3 mlrd. dollar artıb".
O qeyd edib ki, valyuta bazarının tam sabitliyi təmin edilib.
"Neft qiymətlərindən asılı olmayaraq, Dövlət Neft Fondunun Azərbaycan maliyyə bazarına transferti 6,8 mlrd. dollar təşkil edəcək. Yeni büdcə qaydaları manatın məzənnəsini sabit saxlamaq imkanı verir".
Bu zaman E.Rüstəmov qeyd edib ki, onlar risk amillərini gözləməsəydilər, uçot dərəcəsinin azaldılması haqqında qərar qəbul etməzdilər.
Proqnozlar konsensusun neft qiymətləri ilə bağlı 60-70 dollar intervalında proqnozuna əsaslanır. Dövlət büdcəsi də bu qiymətə əsasən formalaşdırılıb, deyə E.Rüstəmov bildirib.