"2019-cu ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı məqsədilə bütün maliyyə mənbələrindən əsas kapitala 868, 7 milyon manat vəsait yönəldilib".
Bu barədə fevralın 18-də Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda yazılıb.
Açıqlamada deyilir ki, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz azdır:
"Sərf edilmiş vəsaitin 74,3 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub. Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 1,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 1,9 faiz artıb".
Məlumatda bildirilir ki, ümumi sərmayənin 66,7 faizi məhsul istehsalı obyektlərinin, 23,1 faizi xidmət sahələri üzrə obyektlərin, 10,2 faizi isə ümumi sahəsi 130,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 66,6 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 84,1 faiz təşkil edib.
Bunda əhalinin şəxsi vəsaitləri 5.9, bank kreditləri 5.1, büdcə vəsaitləri 4.1, büdcədənkənar fondların vəsaitləri isə 0.8 faiz yer tutub.