Y-PEER Azərbaycan şəbəkəsinin təşkilatçılığı, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin və Baku İdealabın maliyyə dəstəyi ilə həyata keçirilən FilmAkt qısametrajlı sənədli film festivalının bağlanış mərasimi keçiriləcək.
Abzas xəbər verir ki, 'FilmAkt' festivalının yekunu fevralın 5-də saat 19:00-21:00-da Landmarkın Rotunda zalında təşkil olunacaq.
Bağlanış mərasimində qalib filmlər nümayiş olunacaq və mükafatlandırılacaq. Filmləri ərsəyə gətirən gənclərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, həmçinin rəsmi qonaqların iştirakı nəzərdə tutulub.
Festival çərçivəsində bir neçə regionda gənclərə təlimlər keçilib, film çəkmək bacarıqlarının artırılması, yaradıcı yolla nümayişi vasitəsi ilə icma quruculuğu, gənclərin iştirakçılığı, sosial aktivizm mövzusunda tədbirlər təşkil olunub.
Festivalın təşkilatçılarının yaydığı məlumata görə, Y-PEER Azərbaycan şəbəkəsinin ekspertləri tərəfindən Bərdə, Balakən və Bakı şəhərlərində sentyabr-noyabr ayları ərzində “FilmAkt-Dəyişiklik üçün çək” başlıqlı silsilə təlimlərin yekunu olaraq qısametraflı filmlər ərsəyə gəlib.
Məlumata görə, altı günlük təlimlərdə Bərdə, Balakən və Bakıda yaşayan 45 gənc iştirak edib. Təlimlər Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə inkluziv inkişaf və yerli icmaların bacarıqlarının artırılması məqsədi ilə “İcma quruculuğu təşəbbüsləri” proqramı çərçivəsində həyata keçirilib.
Təşkilatçılar bildirir ki, FilmAkt proqramı nəticəsində gənclər Bərdə, Tərtər, Balakən və Bakıda 10 yeni sənədli film çəkiblər.
Bakıda keçirilən 3-5 fevral tarixində davam edəcək Festival zamanı həmin 10 film və əlavə 2 sənədli film nümayiş olunacaq. Filmlər əqli və fiziki məhdudiyyətlər, müharibənin gətirdiyi çətinliklər, icmaların spesifik xüsusiyyətləri, gender və zorakılıq mövzularını əhatə edir.
ABŞ-ın Azərbaycandakı səfirliyinin Mədəni Əlaqələr Departamentini rəhbəri xanım Heidi Smith-in də festivalın bağlanış mərasimində iştirak edəcəyi gözlənilir.