"Abzas" bu il ən yaxşı kişi roluna görə Oskar mükafatı almış "Bohemiya Rapsodiyası" filmi haqda məqaləni təqdim edir. Film əfsanəvi rok müğənnisi Freddi Merkuri və onun Queen qrupunun həyatından bəhs edir.
2018-ci il oktyabrın 26-sı musiqili bioqrafiya filmi “Bohemiya rapsodiyası”nın təqdimatı baş tutmuşdu. Bu film əfsanəvi rok müğənni
Freddi Merkuri və Queen qrupu haqqındadır. Film fevralın 24-də ən yaxşı kişi aktyoru nominasiyasında Oskar mükafatına layiq görülüb. Deyilənə görə filmin müəlliflərinin film üzərində işləyərkən ən böyük çətinlikləri baş rola misir mənşəli aktyor
Rami Maliki seçməkləri olub, belə ki, bütün film tənqidçilərinin fikrinə görə Rami Malik bir damcı da Freddi Merkuriyə oxşamır. Filmin müəllifləri onu sırf Freddi Merkurinin doğulduğu bölgəyə yaxın doğulduğu və irqi bənzərliyə görə seçiblər və görünür rejissor heç də səhv etməyib. Bu artıq hamıya məlumdur ki, ABŞ tamaşaçısı başqa millətdən olan aktyorlara həmişə amerikan aktyorlarından bir barmaq çox can atır.
Filmin treyleri də narazlıq yaratmışdı, söz-söhbət gəzirdi ki, “Bohemiya Rapsodiyası” Queen qrupunu diqqətdən kənarda qoyub əsasən Freddi Merkurinin həyatı üzərində fokslanıb. Xoşbəxtlikdən filmə baxanda bu narazılıq aradan qalxıb.
[caption id="attachment_75271" align="aligncenter" width="1366"]
Rami Malik, Freddi Merkuri rolunda.[/caption]
Freddi Merkuri haqda film - deyəndə dərhal ağla homoseksuallığını açıqca dilə gətirən, dəlisov bir adamın həyatı haqda film gəlir. Ancaq filmin müəllifləri müğənninin şəxsiyyətini tamaşaçılara tanıtmaq üçün bəs ediləsi qədər onun həyatı üzərində dayanırlar. Həmçinin filmdə Merkuri tipik gey kimi yox, biseksual kimi təqdim edilir. O qadınlarla da maraqlanır, ancaq qadın geyimlərinə də böyük maraq duyur.
Filmdə hadisələr 1970-ci illərdən əhvalat edilməyə başlayır. Heç kimin tanımadığı zənzibarlı Fərrux Bulsara ABŞ-a gəlir. O Hirtou aeroportunda yükdaşıyan kimi işə düzəlir və musiqiylə maraqlanır, mahnılar bəstələyir. Onun həyatı
Brayn May və
Rocer Teylorla tanışandan sonra dəyişməyə başlayır. Bu iki nəfər isə öz aralarında “Smile” adlı heç cürə uğur qazana bilməyən bir musiqi qrupunda ifa edirlər. Yumuşaq xarizması, gözəl səsi və qeyri-adi görnüşü olan Freddi Merkurinin qrupa gəlməsi qrupu bir anda uğura doğru yüksəltməyə başlayır və qrupun adını dəyişdirib Queen qoyurlar. Cəmi bir neçə il sonra bu qrup ABŞ-ın ən məşhur qruplarından birinə çevrilir.
Film müəllifləri Freddinin inadkar, özündən arxayın və eqoist xasiyyətinin üstündən ötmürlər, əksinə onu incəliyinə qədər göstərməyə çalışırlar, ancaq bu cür xarakter tamaşaçıda ona nifrət yaratmır. Merkuri burda canlı, maraqlı və həqiqi görünür, tamaşaçı ona tez aludə olur, onun dərdinə şərik olmağa çalışır, dəyərləndirir, nifrət edir və məftun olur.
İki saatlıq filmin içində heç kimin tanımadığı yük daşıyan Freddi dünya şöhrətli ulduza çevrilir. Onun həyatı mümkün qədər birxəttli, sadə göstərilməyə çalışılır, halbuki onun uğurları keçməkeşli bir yoldan irəliləyərək mümkün olmuşdur. Əsas odur ki, Merkurinin Queenə bağlanması, ona nəhəng təsiri və Queenin Freddini dəyişdirb, özününküləşdirməsi çox aydın təsvir olunur.
[caption id="attachment_75273" align="aligncenter" width="640"]
Bohemiya Rapsodiyası filmində təsvir olunan Queen qrupu.[/caption]
Filmin musiqilərinin içində Queen qrupunun əvvəl heç yayınlanmamış 11 mahnısı səslənir. Hollywood Records filmin nümayişindən dərhal sonra filmin saundreklərini toplayıb compakt-disk şəklində buraxıb.
Qrupun ilk uğurları, ilk studiyası, ilk eksperimentləri və əfsanəvi mahnısı “Bohemiya Rapsodiyası”nı necə yazdırdıqları əhatəli təsvir edilir. Tamaşaçılar bir rok qrupunun tərkibində mürəkkəb yaradıcı və şəxsi münasibətlərin necə cərayan etdiyini görürlər. Qrup üzvləri heç də yaxşı yola getmirlər, daima fikir ayrılığı, davalar, mübahisələr, incikliklər ortaya çıxır, ancaq bununla belə Queen bizə bir ailəni xatırladır.
Gerçəkdə isə qrupun hər bir üzvü öz solo layihəsi çıxartmağa çalışırmış. 1978-ci ildə Teylor öz sınqlını buraxıb, 1981-ci ildə öz albomunu buraxır. Elə Freddi Merkuri də dəfələrlə qrupdan ayrılıb öz solo ifalarını buraxmağa can atıb, amma görünür onlar öz qrupları ilə güclü olublar.
Ailə mövzusu film boyu nəzərə çarpır. Queen bir ailədir, ora gələn hər kəs ortaq məqsəd üçün gəlib, hamı ortaq hədəfə birgə addımlayır, tənhalıqlarından və problemlərindən bu ailənin köməkliyi ilə qurtulurlar, beləliklə müəlliflər Merkurinin məhsuldarlığını Quenn tərkibindəki ümumi dəstəkdə olduğunu göstərirlər.
135 dəqiqəlik bu filmə baxaraq biz 16 illik zəngin yaradıcılıq həyatı olan Queeni tanıya bilirik. Ssenaristlər filmin sujetindən tamaşaçıya maraqsız olacaq hər şeyi tamam çıxarıblar, biz burda ancaq Queen qrupu və Freddinin həyatının əsas xəttlərini görürük. Filmdə hadisələrin yığcam inkişafı var: musiqiçilər tanış olur, ilk albomlarını buraxırlar, Bohemiya Rapsodiya – mahnılarını yazdırırlar, yaradıcılıqda ilk eksperimentlərini edkrlər, böyük konsertləri olan Live Aid-ə hazırlaşırlar. Bütün bunlarla paralel olaraq Freddi Merkurinin həyatından bəhs olunur və iki xəttə bir-biriylə heç uyuşmur.
Açıq desək, Freddinin həyatına tamaşa etmək daha maraqlı gəlir, əlbəttə bunun üçün Rami Malikə borcluyuq. Rami Mailik yaratdığı obraz çoxlu çətinliklərdən keçir, daim dəyişir və inkişaf edir, daha kamil olmağa can atır. Merkurinin həyatı maraqlı və duyğusal şəkildə keçir, Queenin həyatı isə sadə və maraqsızdır, onlar şöhrətə sanki heç bir çətinlik çəkmədən yetişirlər. Ssenaristlər Queenin həyatına nəsə bir faciə ya da duyğusal yük yükləməyi lazım bilməyiblər.
Əslində isə Queen Freddi Merkurini özünə sima kimi seçdiyi üçün məşhurlaşmışdı və Merkurinin bütün qeyri-adiliyi, faciələri qrupa əks olunurdu. Hətta Merkurinin QİÇS xəstəliyinə tutulması da Queen üçün önəmli bir reklam olmuşdu. Çünki, bu həmin xəstəliyin dünyada təzə-təzə yayıldığı dövrlər idi və bəlkə də xəstəlik Merkurinin ölümü ilə daha da məşhurlaşmışdı. Yeri gəlmişkən filmdə elə göstərilir ki, guya Freddi Merkuri QİÇS-ə tutulduğundan əvvəldən xəbərdar olub, əslində isə gerçək həyatda müğənni uzun müddət xəstəliyindən xəbərsiz olur, yalnız 1987-ci ildə o bundan xəbər tutur və 1991-ci ildə ölümündən cəmi iki gün öncə xəstəliyi haqda ictimaiyyətə etiraf edir.
[embed]https://www.youtube.com/watch?v=mP0VHJYFOAU[/embed]