Beynəlxalq Futbol Assosiasiyaları Şurasının martın 2-də Şotlandiyanın Aberdin şəhərində 133-cü iclası keçirilib.
Görüşdə futbol oyunlarının formasına təsir edəcək yeddi yeni dəyişikliklə bağlı qərar qəbul edilib.
Məlumata görə, dəyişikliklər 1 iyun tarixindən etibarən, yeni mövsümün başlanğıcında dünyanın müxtəlif liqalarında qüvvəyə minəcək.
Dəyişikliklərin siyahısı aşağıdakı kimidir:
1. Əllə oyun haqqında qayda
Hücum edən futbolçu qəsdən və ya bilməyərəkdən əllə qol vursa, bu halda qol qeydə alınmayacaq. Oxşar vəziyyətdə futbolçu qol vəziyyəti yaratsa, oyun dayandırılacaq.
2. Əvəzetmə haqqında qayda
Əvəzlənən futbolçunun texniki zonaya qədər gəlməsinə ehtiyac olmayacaq. O, özünə ən yaxın yerdən meydanı tərk edə bilər.
3. Qapıdan zərbə haqqında qayda
Qapıdan zərbə zamanı topun cərimə meydançasından çıxana qədər rəqibin ona toxunmaması qaydası da ləğv olunub.
4. İntizam qaydası
İdmançıya yaraşmayan hərəkətlərə görə meydandan kənardakı texniki heyətə sarı və qırmızı vərəqə göstərilməsi mümkün olacaq.
5. Cərimə zərbəsi haqqında qayda
Cərimə zərbələri zamanı hücum edən komandanın futbolçuları canlı səddə azı 1 metr aralı dayanmalıdır.
6. Mübahisəli top haqda qayda
Bəzi hallarda top baş hakimə dəydikdən sonra "mübahisəli top" təyin olunacaq.
7. Penalti haqda qayda
Penalti zərbələri zamanı qapıçının bir ayağının qapı xəttində olması kifayət edəcək.