Bu pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 2006-cı il yanvarın 1-də denominasiya tədbirləri çərçivəsində tədavülə yeni nəsil pul nişanları buraxılıb. AMB-nin mətbuat üçün yaydığı
məlumata görə, tədavülə buraxılmasından 13 il keçməsinə baxmayaraq bu pul nişanları öz estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə və mühafizə sistemlərinə görə aktuallığını hələ də qoruyur.
Bununla yanaşı, hazırda dünyada pul nişanlarının yaradılması və istehsalı sahəsində bir çox yeniliklər baş verir, pulların dizaynının və mühafizə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni innovasiyalar, nano və mikro texnologiyalar geniş tətbiq olunur.
[caption id="attachment_75857" align="aligncenter" width="798"]
Yenilənmiş 10 manatlıq əskinas[/caption]
Dünyanın aparıcı mərkəzi bankları kimi Azərbaycan Mərkəzi Bankı da bu çağırışlardan irəli gələrək dünya təcrübəsində mövcud olan ən son texnologiyalar və innovasiyaları nəzərə almaqla pul nişanlarımızın dizaynının və xüsusilə mühafizə sistemlərinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır.
Bu istiqamətdə ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən 24 may 2018-ci il tarixində tədavülə 200 manatlıq pul nişanı buraxılıb.
Mərkəzi Bank tərəfindən dizayn mövzusu "Azərbaycan tarixinə" həsr olunmuş 10 manatlıq pul nişanının təkmilləşdirilməsi və mühafizə elementlərinin müasirləşdirilərək daha yüksək standartlara uyğulaşdırılması həyata keçirilib.
Yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçərişəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb. Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub.
Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür.
Eyni zamanda, banknotun ön tərəfində İçərişəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.
Pul nişanının arxa tərəfində isə, üzərində işıqda görünən "10" rəqəmi və "AMB" yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində "10 AZN" yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilib.
Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixdən tədavülə buraxılır. Bu pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
[embed]https://www.youtube.com/watch?v=Kps1VysImyc[/embed]