2 Aprel 2019
Mətni dəyiş
Bu gün səhər saatlarında tanınmış Azərbaycan rejissoru Rövşən Almuradlı ürək tutmasından dünyasını dəyişib.
Mərhumun oğlu Kamal Almuradlı atasının ölüm xəbərini mediaya təsdiqləyib.
Qeyd edək ki, Rövşən Almuradlı 1954-cü il aprelin 19-u Bakı şəhərində anadan olub. 1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirib, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçib.
1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaradıb.
1987-ci ildə Şəki Dövlət Dram teatrında M.Salimoviçin "Dərviş və ölüm", 1987-ci ildə Sumqayıt Dövlət Teatrında N.Hikmətin "Bayramın birinci günü", 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının "Dəyirman" əsərlərinin quruluşçu rejissoru olub.
1989-cu ildə "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında "Hücum" adlı qısametrajlı bədii filmin quruluşçu rejissoru olub.
1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil "İstiqlal" teatrının bədii rəhbəri kimi çalışıb.
1991-ci ildə M.Suleymanlının "Zirzəmi", 1992-ci ildə M.Dostoyevskinin "Şıltaq qız", 1992-ci ildə M.Qoqolun "Dəlinin qeydləri", 1992-ci ildə Gəncə Dövlət Dram teatrında Anarın "Beş mərtəbəli evin altıncı mərtəbəsi" kimi əsərlərin, 1993-1995-illərdə "Bəri bax" müstəqil kinostudiyasında tammetrajlı "Yük" bədii filminin quruluşçu rejissoru kimi fəaliyyət göstərib.
1994-cü ildə "Doğma" kino-povesti əsasında çəkilmiş "Ümud" bədii filminin müəllifi, 2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədiii filminin quruluşçu rejissoru, 2005-ci ildə Akademik Milli Dram Teatrında İ.Şıxlının "Ölüləri qəbiristanlıqda basdırın" əsərinin rejissoru olub.
Rövşən Almuradlı 2006-cı il oktyabr ayının 25-də Akademik Milli Dram Teatrına quruluşçu rejissor vəzifəsinə qəbul edilib.
Bakı Bələdiyyə Teatrında 2010-cu ildə M. Süleymanlının “Bəylik dərsi” əsərinə, 2011-ci ildə Anarın “Qaravəlli” əsərinə, 2012-ci ildə M.F.Axundzadənin “Müraviyyə vəkilləri əhvalatı” əsərinə quruluş verib.
2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F.Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsərinə quruluş verib.