Aprelin 13-də "Rüzgar" ləqəbli reper Aydın Hüseynov Sumqayıt Şəhəri Baş Polis İdarəsi tərəfindən həbs edilib.
Bu barədə onun dostları sosial şəbəkədə məlumat yayıblar. Məlumatda bildirilir ki, reperə ifa etdiyi mahnının narkomaniyaya çağırış etməsini səbəb gətirərək, 30 sutka həbs cəzası veriblər.
Məlumatı ifaçının prodüseri Orxan Rzayev də jurnalist Nurlan Qəhrəmanlıya açıqlamasında faktı təsdiqləyib. Produserin sözlərinə görə, aprelin 12-i axşam saatlarında ona zəng edib bildiriblər ki, Rüzgarı öz tədbirlərində görmək istəyirlər.
"Axşam saat 9-10 radələrində Qış Parkı yaxınlığında tədbir sahibi ilə görüşməli olduq. Görüşdükdə məlum oldu ki, bizi tədbir adı ilə çağıran polis əməkdaşlarıdır. Arxamızca 4 maşın əməliyyatçı gəlmişdi. Bizə bildirdilər ki, Rüzgarı həbs etməliyik. Səbəb kimi isə silahlı insidentə qoşulduğunu və iştirak etdiyini bildirdilər. Rüzgarı yanımızdan götürüb apardılar".
Orxan Rzayevin sözlərinə görə, reperi bir də gecə polis idarəsindən qandalla çıxarılanda görüb. Onun sözlərinə görə, onlara danışmağa imkan verilməyib.
"Rüzgar idarədən aparılanda rəis mənə yaxınlaşıb 'nə işlər gördüyünüzə fikir verin də' deyə müraciət elədi. Nəyə görə saxlanıldığını soruşduqda isə səbəb Rüzgarın "Mal-Mal" mahnısı olduğunu dedi. Mən izah etməyə çalışdım ki, bu mahnı sevgidəndi, narkotiklə əlaqəsi yoxdu. Məni dinləmədən maşına oturub getdilər. Rüzgarı da hara apardığını demədilər".
Produser bildirib ki, sonra onu polisə salıb bütün ailə üzvləri haqda məlumat alıblar, şəklini çəkiblər. Onun sözlərinə görə, haqqında hər şeyi öyrəndikdən sonra onu buraxıblar.
"Polislər bildirdilər ki, axşama buraxacağıq, amma Rüzgar xəbər göndərdi ki, onu bir aylıq həbs ediblər və məsələni ictimailəşdirmək lazımdır".
Orxan Rzayevin sözlərin görə, mahıda heç bir narkotik təbliğatı yoxdu, sadəcə mahnı sətirləri ikibaşlı olduğu üçün istədikləri mövzuya döndərə biliblər.
"Lakin biz bununla sonuna qədər mübarizə aparacağıq. Musiqi Azaddır. Rüzgar Azərbaycanda Trap musiqisinin yaradıcısıdır. Biz bu haqsızlığa susmayacayıq".