Bu gün müğənni Çingiz Mustafayev “Eurovision” səhnəsində çıxış edəcək. İfası və xarici görünüşü ilə istər medianın, istərsə də ”Eurovision” sevərlərin diqqətini çəkən ifaçının aqibəti maraqlıdır.
Bukmeykerlərin ilkin proqnozları 13-cü yer olsa da, Çingiz məşqlər zamanı göstərdiyi performansla 4-cü yerə yüksələ bilib. O, Finlandiyadan sonra Norveçdə keçirilən səsverməyə görə isə üçüncü olub. Lakin birinci yarımfinaldan sonra iştirakçıların uğurlu çıxışları bukmeykerlərin fikrini dəyişib.
Hazırda Çingiz Mustafayev 7-ci pillədə qərarlaşıb. Lakin Çingizin bugünkü çıxışından sonra finala vəsiqə qazanacağı və beşlikdə yer alacağı barədə proqnoz verilib.
Bukmeykerlərin bu saata olan fikirlərinə görə, birinci Hollandiya, ikinci İsveç, üçüncü isə Avstraliya olacaq.
Çingiz bu gün sosial şəbəkədə “Vote for 18” həştəqi ilə insanlardan səs istəyib.
Yarışmanı şərh edəcək aparıcı Murad Arif isə sosial şəbəkədə Çingizə dəstək olub: “Bu gün"Eurovision 2019” müsabiqəsinin ikinci yarımfinal mərhələsi baş tutacaq. Şəkildə qeyd olunmuş ölkələrdə yaşayan həmvətənlərimiz oradakı nömrələrə uyğun olaraq "18" yazıb sms göndərə bilər”.
Qeyd edək ki, Çingiz Mustafayev “Truth” (“Həqiqət”) mahnısı ilə Azərbaycanı təmsil edəcək. O, öz şousu ilə “Eurovision”ın qapanışını edəcək.
Müsabiqə Bakı vaxtı ilə saat 23:00-da İTV-də canlı olaraq yayımlanacaq.