"Əgər ÜDM-in artım tempi indiki sürətlə davam edərsə və milli valyuta ABŞ dollarına nisbətdə hazırkı məzənnəni saxlayarsa, bu halda Azərbaycan iqtisadiyyatı 2014-cü il səviyyəsinə 23,5 ildən sonra çata bilər". Bu haqda iqtisadçı-ekspert Qubad İbadoğlu media üçün açıqlamasında deyib.
Onun sözlərinə görə devalvasiyadan sonra keçən 5 ili də əlavə edərsək onda Azərbaycana itkilərin bərpası üçün 28,5 il lazım gələcək. Bu isə o deməkdir ki, 2014-cü il səviyyəsinə 2042-ci ilin sonunda çata bilərik.
İqtisadçı həmçinin ABŞ iqtisadiyyatından nümunə də gətirib. O bildirib ki bu ilin 1-ci rübünün nəticələrinə görə ABŞ-da Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 3,2 faiz artıb. ABŞ-ın ÜDM-i 2018-ci ildə 19,4 trillion dollar olub, onun 3,2 faizlik illik artımı mütləq ifadədə 620 milyard dollarlıq əlavə dəyərin yaranması deməkdir. ABŞ ÜDM-in 1 rübdəki artım tempini ilin sonunadək saxlayacağı halda, bu dövlətin yalnız 1 illik artımdan əldə etdiyi dəyər Azərbaycanın 2018-ci il üçün ÜDM-dən 13 dəfə çox olacaq.
"Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycanda 2019-cu ilin yanvar-aprel aylarında ÜDM 2018-сi ilin yanvar-aprel aylarına nisbətən 2,1 faiz artıb. Azərbaycanda ötən il 46 milyard 939 milyon dollarlıq ÜDM istehsal olunub. Bu göstərici 2014-cü ildəki ÜDM-dən (75 milyard 659 dollar) 28 milyard 720 milyon dollar aşağıdır. Bu o deməkdir ki, bu gündən hesablayanda 2014-cü illə müqayisədə itirilmiş ÜDM hazırkı artım tempi ilə 23,5 ilə, yəni 2042-ci ilin sonunda bərpa edilə bilər" - deyə iqtisadçı bildirib.