Alman rəssam Paul fon Frankenin (1818-1884) “Bakının Qız qalası” (The Maiden Tower in Baku) əsəri Londonda Sotheby’s hərracında 225 min funt sterlinqə satılıb.
Bu haqda İngiltərənin nüfuzlu hərrac təşkilatı öz saytında məlumat yayıb.
Əsərin başlanğıc qiyməti 60 min funt sterlinq olsa da, əqd zamanı qiyməti 3,75 dəfə yüksəlib. Şəklin alıcısı naməlumdur.
Bu Azərbaycana həsr olunan və məşhur Sotheby’s hərracında satılan ilk lot deyil. Müxtəlif illərdə bu hərracda Azərbaycana aid xalılar, heykəlciklər və digər sənət əsərləri satılıb.
Alman rəssam Paul fon Franken Qafqazı tərənnüm edən rəssam kimi tanınır. Onun 1853-1862-ci illərdə Qafqaza səfəri bir çox rəngkarlıq əsərlərinin yaranması ilə nəticələnib.
Əsərin dəqiq çəkilmə tarixi kimi 1880-ci il göstərilib.