İyunun 27-də Azərbaycanın daha bir güləşçisi Minskdə keçirilən II Avropa Oyunlarında medal qazanıb.
Finalda çıxış edən Nurməhəmməd Hacıyev (97 kq) gümüş medala sahib olub. O, yarımfinalda zədələndiyindən Rusiya idmançısı Abdulrəşid Sadullayev ilə final qarşılaşmasında rəmzi olaraq iştirak edib.
Rusiyalı güləşçi texniki qələbə sayəsində “Minsk 2019”un çempionu adına layiq görülüb.
İyunun 27-də bundan öncə isə Azərbaycanın başqa bir güləşçisi Hacı Əliyev II Avropa Oyunlarında Azərbaycanın aktivinə ikinci qızıl medalı yazdırmışdı. Azərbaycana güləşçiləri Minskdə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
İyunun 27-də günün sonunda ümumilikdə aktivində 2 qızıl, 5 gümüş və 9 bürünc medal olan Azərbaycan “Minsk 2019”da 15-ci sırada qərarlaşıb.
“Minsk 2019”un yeddinci günündə medal siyahısına Rusiya komandası başçılıq edir. Rusiyadan olan idmançıların aktivində 72 (32-16-24) medal var. İkinci yerdə Belarus (19-13-23), üçüncü pillədə isə İtaliya (8-6-5) yığmaları qərarlaşıblar.
İyunun 21-də Minskdə II Avropa Oyunları başlayıb. İyunun 30-dək davam edəcək II Avropa Oyunlarına Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı qatılıb. Orada idmanın 15 növü üzrə 200 dəst medal qazanılmalıdır.
Azərbaycandan Minskə 82 idmançı yollanıb. Onlar idmanın 11 növünü təmsil edirdilər. Həmin idmançılardan bəziləri artıq, yarışı medalsız başa vurublar.
I Avropa Oyunları 2015-ci ilin iyununda (12-28-də) Bakıda keçirilib. Bakı-2015-də Azərbaycan komanda hesabında ikinci yerdə qərarlaşıb. Onlar 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.
İlk Avropa Oyunlarında birinci yeri isə aktivində 164 medal (79-40-45) olan Rusiya tutub.