2018-ci ildə dünyada birbaşa xarici investisiya (BXİ) artıq üçüncü il ardıcıl olaraq azalıb. UNCTAD iyunun 12-də “Dünya İnvestisiya Hesabatı 2019” adlı hesabatını açıqlayıb.
Hesabatda bu düşüşün səbəbləri təhlil olunur, regiondakı son tendensiyalar və 2019-cu il üçün xarici birbaşa investisiyanın perspektivləri götür-qoy olunur.
Cənub-şərqi Avropa və MDB ölkələrinin iqtisadiyyatına sərmayələr ötən il 28 faiz azalaraq 34 milyard dollara düşüb. Bu azalmanın əsas səbəbi regionunun ən böyük iqtisadiyyatı və ən böyük sərmayələrin qoyulduğu ölkə olan Rusiya Federasiyasına investisiyanın 26 milyard dollardan 13 milyarda düşməsilə bağlıdır.
Hesabata görə regiondakı digər ölkələr – Azərbaycan, Qazaxıstan və Ukraynaya da sərmayə axınında azalma var.
Ümumi tendensiyanın əksinə olaraq, Cənubi-şərqi Avropaya, özəlliklə Serbiya və Şimali Makedoniyaya sərmayə artıb. Bu altregionda Monteneqrodan savayı digər ölkələrə sərmayə həcmində artım var.
2018-ci ildə keçid iqtisadiyyatlarına BXİ da azalıb və ilk öncə Rusiya, Azərbaycan və Qazaxıstana yatırımın azalmasıyla bağlıdır. MDB və Gürcüstana pul axını 36 faiz azalaraq 27 milyard dollara düşüb. Bu azalma altqrupdakı 12 ölkədən yeddisinə təsir göstərib (Ermənistan, Belarus, Moldova, Tacikistan və Özbəkistan istisnadır).
Rusiya sərmayə yarıbayarı azalaraq 13 milyard dollara düşsə də, ölkədən sərmayə axını 7 faiz yüksələrək 36 milyard dollara çatıb. Bu artım daha çox layihələrə təkrar sərmayə qoyulan gəlirlər və filiallara şirkətdaxili kreditlərlə əlaqələndirilir.