"AZAL" aviaşirkəti "Boeing" ilə 10 ədəd 737 "MAX" təyyarələrinin alınması üçün bağladığı 1 milyard dollarlıq müqaviləni ləğv edib.
Bu barədə bazar ertəsi, iyunun 3-ü şirkətin sözçüsü Paşa Kəsəmənski mətbuata açıqlamasında bildirib. Azərbaycan Hava Yolları şirkəti bu qərara Efiopiya və İndoneziyada Boeing-in iki 737 MAX-8 təyyarələrinin qəzaya uğramasından sonra gəlib.
P.Kəsəmənski bildirib ki, AZAL təhlükəsizlik səbəbindən Boeing-dən 10 təyyarə almaqdan imtina edib.
İyunun 3-ü günün ikinci yarısında isə şirkət yeni açıqlama yayıb. Açıqlamada deyilir ki, "Boeing 737 Max-8" təyyarələrinin alınmasına dair "Boeing" korporasiyası ilə müqavilə üzrə danışıqlar davam etdirilir.
Məlumata görə, imzalanmış müqavilənin həyata keçirilməsinin 2019-cu ildən 2024-cü ilə keçirilməsi planlaşdırılır.
Martın 10-da Efiopiyada eyni model təyyarənin qəzaya düşməsindən bir neçə gün sonra AZAL-ın prezidenti Cahangir Əsgərov bildirmişdi ki, "il sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd Boeing 737 MAX-8 tipli təyyarə gətiriləcək".
Cənab Əsgərov qeyd etmişdi ki, şirkət Boeing korporasiyasının mütəxəssisləri ilə "sıx əməkdaşlıq edir" və "yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaq".
Boeing 737 MAX
Boeing 737 Max təyyarələri şirkətin 737 seriyasının ən uğurlu təyyarələridir. Bu seriyaya Max 7, 8, 9 və 10 modelləri aiddir.
Yanvar ayının sonunda Boeing şirkəti sifariş olunmuş 5011 Max 8 model təyyarələrinin 350-ni artıq sifarişçilərə çatdırıb. Max 9 modelinin bir sıra təyyarəsi də artıq uçuşları yerinə yetirməkdədir.
Son bir neçə ayda iki qəza
2019-cu il martın 10-da Efiopiya Hava Yollarına məxsus sərnişin təyyarəsi Əddis-Əbəbədən qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb, nəticədə təyyarədə olan 149 sərnişin və 8 nəfər uçuş heyətinin üzvü ölüb.
Bundan sonra Çin, Cənubi Koreya, Malayziya bu model təyyarənin uçuşuna qadağa qoymuş, digər bir neçə ölkə isə istehsalçı şirkətdən təhlükəsizlik qaydalarına yenidən baxılmasını tələb etmişdi.
Sinqapur və Avstraliya da Boeing 737 Max təyyarəsinin öz ölkələrinə və ölkələrindən uçmasına müvəqqəti qadağa qoyub.
Britaniya mart ayında öz hava məkanında bu təyyarələrə qadağa qoyub.
Boeing 737 Max təyyarəsinin insan ölümünə səbəb olduğu son bir neçə ayda ikinci qəzasıdır.
2018-ci ilin oktyabr ayında İndoneziya hava şirkətinə məxsus bu təyyarə modelinin qəzaya uğraması nəticəsində 189 insan həlak olub.