Bu günlərdə AZAL Bakı-Nyu-York arasındakı təyyarə reyslərini dayandıracağını açıqlayıb. Rəsmi səbəb kimi bildirilib ki, ABŞ-ın aviasiya sənayesi bazarındakı problemlərlə əlaqədar olaraq AZAL bu il təyyarə parkını artıra bilməyib.
AZAL rəsmiləri marşrut şəbəkəsində kommersiya cəhətdən ən rentabelli istiqamətlərin saxlanılması qərarı ilə əsaslandırıb. Bu isə o deməkdir ki, Bakıdan Nyu Yorka uçuş gəlirli olmayıb.
"Yuxarıda sadalanan halları nəzərə alaraq, 2019-cu il oktyabr ayından etibarən Nyu-Yorka aviareyslərin dayandırılmasını məqsədəuyğun hesab etdik. Eyni zamanda qeyd edək ki, 2016-cı ildən başlayaraq Azərbaycan və ABŞ arasında "Open Skies" (Açıq Səma) aviasiya sazişi qüvvədədir".
Açıqlamada deyilir ki, bu saziş hər iki ölkənin aviaşirkətlərinə iki ölkə arasında qeyri-məhdud sayda uçuşlar həyata keçirməyə imkan verir.
"Ümid edirik ki, Amerika aviaşirkətləri bu imkandan faydalanacaq və Bakıya birbaşa aviareyslər açacaqlar".
İqtisadçı ekspert Toğrul Maşallı AZAL-ın bu qərarı ilə bağlı Abzas-a açıqlamasında bildirib ki, bu reysin açılmasında bir neçə məqsəd vardı.
[caption id="attachment_78478" align="aligncenter" width="960"] Toğrul Maşallı[/caption]"Hökümət Bakı Hava Limanının böyük bir mərkəzə çevriləcəyini gözləyirdi"
"Birinci məqsəd imic məsələsi idi. İstəyirdilər göstərələr ki, Bakıdan-Nyu-Yorka təyyarə reysi var. Ancaq bir müddət sonra bu reys öz mənasını itirdi. Əgər yanılmırsamsa illik bu reysdən 30-36 min nəfər istifadə edib. İmicin də müəyyən xərcləri var, bir müddət pul xərcləyirsən, ancaq görürsən ki, səmərəlilik, effektivlik baxımından bu artıq əlverişli deyil".
Ekspertin sözlərinə görə, bundan əlavə hökümət gözləyirdi ki, Bakı Beynəlxalq Hava Limanı böyük bir haba - yəni mərkəzə çevriləcək.
"Çünki Azərbaycandan ABŞ-a səyahət edənlərin sayı elə də çox deyil, düşünürdülər ki, Türkiyə, Gürcüstan, İsrail kimi ölkələrin vətəndaşları Azərbaycanda ABŞ-a uçmağa üstünlük verəcəklər. Ancaq bu baş vermədi. Bildiyim qədəriylə nisbətən İsrail vətəndaşları üçün Bakıdan ABŞ-a uçmaq sərfəli idi".
"Azərbaycanın sıx münasibətləri olan bir sıra ölkələrlə heç təyyarı reysi yoxdur"
Ekspert bildirib ki, AZAL-ın Nyu-York reysini dayandırması qərarı düzgündür, çünki səmərəsiz reysləri saxlamaq əlverişli deyildi.
"Xeyli ölkə var ki, Azərbaycanın onlarla intensiv və sıx münasibətləri var, amma ölkələrə bizdən reyslər yoxdur, amma ABŞ-da elə də intensiv münasibətimiz olmasa da oraya Bakıdan reyslər təşkil olunmuşdu".