Ölkə prezidenti İlham Əliyev əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlı təşəbbüs irəli sürüb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi açıqlama yayıb. Məlumata görə, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq 160 manatdan 200 manata çatdırılması nəzərdə tutulur.
Təşəbbüsə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin artırılmasına dair qanunvericilik layihəsi artıq Milli Məclisə təqdim olunub. Qəbul olunarsa, artım bu ilin oktyabr ayının 1-dən şamil olunacaq.
Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.
Bu artım İlham Əliyevin təşəbbüsü ilə bu il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan ikinci addımdır.
Bundan əvvəl pensiyanın minimum məbləği 2019-cu ilin martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırıldı. Həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etdi.
Bu il ərzində Azərbaycanda minimum pensiyanın məbləğində 72,4 faiz artım edilməklə, bu məbləğin 116 manatdan 200 manata çatdırılması təmin edilib.