Azərbaycanın ilk müstəqil teatrı ADO (Azərbaycan Dağınıq Oda) iyunun 23-də Tbilisidə "Azadlıq" metrostansiyasının qarşısında çıxış edib.
Gürcüstan meriyası müraciətdən bir neçə saat sonra buna icazə verib və polisə təhlükəsizliyin təmin olunmasını tapşırıb.
Teatr "Gic-Daban" (Crazy-Heel) tamaşasını və digər əsərlərdən parçalar göstərib.
Teatrın təsisçisi və tamaşanın rejissoru Elmin Bədəlov bildirib ki, bu tamaşa vasitəsilə insanlara azadlığın qeyri-müəyyən bir məhfum olduğu göstərilir.
"Teatra maraq oyandırmaq üçün küçədə tamaşa göstərmək qərarına gəldik. Lakin Bakı meriyası və Mədəniyyət Nazirliyi bir ildir ki, küçə tamaşaları ilə bağlı müraciətlərimizi bir-birinin üzərinə atır. Belə ənənə bir çox ölkələrdə var. Ancaq Azərbaycanda əngəl törədilir", - o deyib.
ADO teatrı ölkənin bölgələrinə səfərlər edir. Teatr Fransa, Gürcüstan, Türkiyə, İtaliya, İran, Belarus, Ukrayna, Rumıniya, Rusiya, Böyük Britaniyada beynəlxalq festivallarda iştirak edib, həmçinin digər ölkələrin artistləri ilə əməkdaşlıq edir.