Prezident İlham Əliyev Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat, ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat, üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat məbləğində mükafat müəyyən edilib.
Bundan başqa, milli komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafat veriləcək.
Azərbaycan idmançıları II Avropa Oyunlarından 28 medal qazanaraq 50 ölkə arasında 10-cu yerdə qərarlaşıb. Azərbaycan yarışı 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.
Həmçinin, qadın və kişi milli komandalarının baş məşqçilərinə də mükafatlar veriləcək. Belə ki, 4 milli komanda rəhbəri qızıl medala görə, 5 milli komanda rəhbəri gümüş medala görə, 1 milli komanda rəhbəri isə bürünc medala görə mükafat əldə edə biləcək. Ümumilikdə isə II Avropa Oyunlarında qazanılan uğurlara görə, idmançılara, onların məşqçilərinə və milli komandaların baş məşqçilərinə 1,4 milyon manat məbləğində mükafat veriləcək.