İyunun 21-də Belarusun paytaxtı Minskdə başlayan II Avropa Oyunları iyunun 30-da başa çatıb.
Gənclər və İdman Nazirliyinin açıqlamasına görə, Azərbaycan Minskdə 82 idmançı ilə təmsil olunub.
Məlumata görə, milli komanda 28 medal qazanaraq 50 ölkə arasında 10-cu yerdə qərarlaşıb. Azərbaycan yarışı 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.
Yarışın sonuncu günündə - iyunun 30-da 36 dəst medalın sahibləri müəyyənləşib. Azərbaycan millisi “Minsk 2019”un sonuncu günündə aktivinə 3 gümüş və 1 bürünc medal yazdırıb.
Gümüş medalları karateçilərimizdən Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), yunan-Roma güləşi yarışında isə İslam Abbasov (87 kq) qazanıblar. Bürünc medala isə yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) sahib olub.
Ümumilikdə 200 dəst medala 43 ölkə təmsilçisi yiyələnib. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşayıb.
Bakıda keçirilmiş ilk Avropa Oyunlarında olduğu kimi, ikinci Avropa Oyunlarında da Rusiya komandası medal siyahısında birinci yeri tutub.
Rusiyalı idmançıların aktivində 109 (44-23-42) medal var. İkinci yerdə 69 medalla ev sahibləri Belarus (24-16-29), üçüncü pillədə isə 51 medalla Ukrayna (16-17-18) yığmaları qərarlaşıblar.
İlk onluqda İtaliya, Hollandiya, Almaniya, Gürcüstan, Fransa, Böyük Britaniya və Azərbaycan komandaları yer alıblar.