Əziz qızım!
İndi gecədir. Milad gecəsi. Mənim kiçik qalamın bütün silahlı döyüşçüləri yuxuya gedib. Qardaşın ilə bacın yatır. Hətta, anan da yuxuya dalıb. Bu yarımqaranlıq otağa keçənə kimi az qala yatmış yavruları oyadacaqdım. Sən indi məndən necə də uzaqlardasan! Əgər sənin surətin daima gözlərimin önündə dayanmayacaqsa, onda yaxşısı qoy mən kor olum. Sənin portretin – burada, stolun üstündə və burada, ürəyimin yanındadır. Bəs sən haradasan? İndi orada, nağıllar aləmi olan Parisdə, Yelisey çölündəki möhtəşəm teatrın səhnəsində rəqs edirsən. Mən bunu yaxşı bilirəm, və mənə elə gəlir ki, gecənin səssizliyində sənin ayaq səslərini eşidir, qış günü səmasında parlayan ulduzlara bənzər gözlərini görürəm.
Bu bayram ovqatlı və gur işıqlı tamaşada tatar xanının əsir götürdüyü fars gözəlinin rolunu necə ifa etdiyini eşidirəm.Gözəlləşməyində və rəqs etməyində ol! Ulduz olub işıq saç! Ancaq tamaşaçıların heyranlığı və alqışları səni məst etsə, sənə bağışlanan çiçəklərin ətri başını gicəlləndirsə, onda bir sakit bucaq tapıb otur və mənim bu məktubumu oxu, həm də öz ürəyinin səsinə qulaq as.Mən sənin atanam, Ceraldina! Mən – Çarliyəm, Çarli Çaplinəm! Bilirsənmi, sən balaca olanda neçə-neçə gecələr, sənin çarpayının yanında oturub yatmış gözəldən, yuxusu gəlməyən əjdahadan nağıllar danışmışam? Nə vaxt, yuxu gözlərimi yorub qapamaq istəsə, mən ona gülüb demişəm: “İtil buradan! Mənim yuxum – qızımın xəyallarıdır!”
Mən sənin xəyallarını görürdüm, Ceraldina, sənin gələcəyini də, bugününü də yaxşı görürdüm. Mən səhnədə rəqs edən qızı, göylərdə süzən pərini görürdüm. Tamaşaçılarının bu sözlərini eşitmisənmi: “Bu qızı görürsünüzmü? O qoca təlxəyin qızıdır. Yadınıza gəlir də, onu Çarli deyə çağırardılar?” Bəli, mən – Çarliyəm! Mən – qoca təlxəyəm! İndi isə sənin növbəndir. Rəqs et! Mən cırıq və gen bir şalvarda rəqs edirdim, sən isə prinsesanın ipək paltarında rəqs etməkdəsən. Bu rəqslər və göy gurultusu kimi səslənən alqışlar tezliklə səni göylərə ucaldacaq. Uç! Uç oralara! Ancaq sonra oradan yerə də en! Sən gərək insanların həyatını da görəsən, soyuqdan və aclıqdan tir-tir əsən küçə rəqqaslarının necə oynadıqlarına da baxasan. Mən də eyni ilə onlar kimi idim, Ceraldina. Həmin gecələrdə – mənim nağıllarımla məst olub uyuduğun o möcüzəli gecələrdə – mən yatmırdım. Sənin üzünə baxır, ürək döyüntülərini dinləyir və özümdən soruşurdum: “Çarli, doğrudanmı bu pişik balası nə vaxtsa böyüyüb səni tanıyacaqdır?”Sən məni tanımırsan, Ceraldina. O uzaq gecələrdə sənə çox nağıllar danışmışam, ancaq öz nağılımdan söz açmamışam. Ancaq o da çox maraqlıdır. Bu, Londonun yoxsul məhəllələrindəoxuyub rəqs edən və sonra da ianə yığan ac bir təlxək haqqında nağıldır. Budur, mənim nağılım! Mən o illərdə aclığın və isti yuvanın nə demək olduğunu anladım. Mən daha çox gəzərgi təlxəyin alçaldılmaqdan duyduğu ağrılarını yaşadım, onun köksündə məğrurluğun bütöv okeanı çağlayırdı, ancaq üstünə atılan qəpiklər bu qüruru yaralayırdı. Hər halda mən sağam, ona görə də gəl, bunları bir qırağa qoyaq.
Yaxşısı, gəl səndən danışaq. Sənin adından sonra – Ceraldina – mənim soyadım gəlir – Çaplin. Bu soyadla mən 40 ildən artıq, yer üzündəki insanları güldürmüşəm. Ancaq onların güldüyündən daha çox, özüm ağlamışam. Ceraldina, sənin yaşadığın dünya yalnız rəqslər və musiqilərdən ibarət deyil! Gecəyarısı nəhəng zaldan çıxıb gedəndə özünün varlı pərəstişkarlarını unuda bilərsən, ancaq səni evə aparan taksi sürücüsündən onun xanımı barədə soruşmağı unutma.Əgər onun xanımı hamilədirsə və onların gələcək uşaqları üçün bələk almağa pulları yoxdursa, onda onun cibinə pul qoy. Mən sənin bu cür xərclərini ödəmək barədə banka göstəriş vermişəm. Ancaq bütün başqa xərclərini ciddi şəkildə hesablayandan sonra ödə. Tez-tez vaxt tapıb metro və ya avtobusla get, piyada gəzib şəhərə göz gəzdir.
İnsanlara göz yetir! Dul qadınlara və yetim uşaqlara bax! Heç olmasa gündə bircə dəfə özünə de: “Mən də onlardan biriyəm”. Bəli, sən də onlardan birisən, qızım! Bundan başqa da, incəsənət insana yüksəklərə ucalmaq üçün qanad verməzdən öncə, adətən, onun ayaqlarını sındırır. Birdən elə bir gün gəlsə ki, özünün tamaşaçılarından yüksəkdə dayandığını hiss etdin, o andaca səhnəni tərk et. İlk qarşına çıxan taksiyə minib Parisin ətraf rayonlarına get. Mən oraları çox yaxşı tanıyıram!Orada özünə bənzər çoxlu rəqqasələr görəcəksən, hətta səndən gözəl və zərif, həm də daha qürurlu olanları da gözünə dəyəcək. Orada sənin teatrındakı projektorların gözqamaşdıran ışığı və dekorları olmayacaq. Onların projektorları Aydır.
Bax, yaxş-yaxşı bax! Onlar səndən yaxşı rəqs etmir ki? Etiraf et, əziz qızım! Həmişə elə birisi tapılacaq ki, səndən daha yaxşı musiqi çalsın və daha yaxşı rəqs etsin! Unutma: Çarli ailəsində elə bir kobud insan olmayıb ki, getdiyi faytonun sürücüsünü söysün, yaxud Sena çayı sahilində oturub qalan bir yoxsulu ələ salıb gülsün. Mən öləcəyəm, sən isə hələ çox yaşayacaqsan. İstəyirəm ki, sən heç vaxt yoxsulluğun nə demək olduğunu bilməyəsən. Bu məktubla sənə bankçeki kitabçası gözndərirəm ki, ürəyin istədiyin kimi pul xərcləyə biləsən. Ancaq nə vaxt iki frank pul xərcləsən, özünə xatırlatmağı unutma ki, pulqabındakı üçüncü frank sənin deyil. O sənin tanımadığın, ancaq bu pula ehtiyacı olan birisinə məxsusdur. Sən o adamı çox asanlıqla tapa bilərsən. Bu tanımadığın yoxsulları görməyi arzulasan, onlarla addımbaşı qarşılaşacaqsan. Səninlə pul haqqında danışıram, çünki onun iblisanə gücünə yaxşı bələdəm. Mən sirkdə az vaxt keçirməmişəm və orada həmişə kəndirbazların taleyi üçün bərk həyəcanlanmışam.
Ancaq sənə demək istəyirəm ki, adamlar torpağın üzərində, kəndirbazların etibarsız kəndirdən yıxıldığından qat-qat çox yıxılırlar. Ola bilsin, dəvət edildiyin hansısa bir qonaqlıqda gördüyün hansısa bir briliyantın parıltısı sənin gözünü qamaşdırsın. Bax o, sənin üçün təhlükəli ip olacaq və ondan yıxılmağın da qaçılmaz olacaqdır. Ola bilsin, gözəl bir gündə hansısa bir prinsin gözəl üzü səni öz əsirinə çevirsin. Onda sən həmin gün təcrübəsiz bir kəndirbaz olacaqsan və unutma ki, səriştəsiz kəndirbazlar həmişə yıxılırlar. Ürəyini heç vaxt, qızıla və qiymətli daşlara satma. Bil ki, ən böyük briliyant günəşdir. Xoşbəxtlikdən, o hamı üçün parıldayır. Nə vaxtsa sevməyə başlsan, onda vurulduğun insanı ürəkdən sev. Anana demişəm ki, sənə bu barədə yazsın. O sevginin nə demək olduğunu məndən yaxşı bilir və yaxşısı, qoy o özü səninlə bu barədə danışsın. Sənin işinin çox ağır olduğunu bilirəm.
Sənin bədənin yalnız bir parça ipəklə örtülüb. İncəsənət naminə səhnəyə bütünlüklə çılpaq da çıxa bilərsən, ancaq oradan nəinki geyimli, həm də daha saf və təmiz qayıtmalısan. Mən qocalmışam və ola bilsin ki, sözlərim gülməli görünür. Ancaq, məncə, sənin çılpaq bədənin hökmən, çılpaq ruhunu sevən insana məxsus olmalıdır. Bu məsələdə sənin rəyinin on il geridə qalması qorxulu deyil, yəni artıq vaxtı keçmiş dövrə aid olsa belə bunda heç bir qəbahət yoxdur. Qorxma, bu on il səni qocaltmaz. Ancaq nə olursa olsun, istəyirəm ki, sən çılpaqlar adasının təbəəsi olan ən sonuncu adamlardan biri olasan. Bilirəm ki, atalar və övladlar öz aralarında daima mübarizə aparırlar. Mənimlə, düşüncələrimlə döyüş, əzizi qızım! Mən itaətkar uşaqları sevmirəm. Nə qədər ki, sənə yazdığım bu məktubun üzərinə göz yaşlarım tökülməyib, bugünkü milad gecəsinin möcüzələr gecəsi olduğunaa inanmaq istəyirəm.
İstəyirəm, elə bir möcüzə baş versin ki, sən mənim dediklərimi həqiqətən də, tamamı ilə anlaya biləsən. Çarli artıq qocalıb, Cerladina. Gec ya tez, sən məzarımın üstünə gəlmək üçün səhnədə geydiyin ağ donunu qara rəngli yas paltarı ilə dəyişməli olacaqsan. İndi səni kədərləndirmək istəmirəm. Ancaq zaman-zaman vaxt tapıb güzgüyə bax – orada mənim cizgilərimi görəcəksən. Sənin damarlarında mənim qanım axır. Hətta, ölüm mənim damarlarımda axan qanı donduranda da, istəyirəm ki, sən atan Çarlini unutmayasan.
Mən mələk olmamışam, ancaq həmişə insan olmağa can atmışam. Sən də buna çalış.
Öpürəm səni, Ceraldina.
Atan Çarli.
Dekabr 1965-ci il.
Tərcümə: Araz Gündüz