Ceyms Bond filmləri silsiləsindən növbəti, 25-ci film də çəkilməyə başlayıb. Bu dəfə "agent 007" rolunu qaradərili aktrisa Laşana Linç oynayacaq.
Bu haqda "Daily Mail" qəzeti xəbər verib. Məlumata görə, filmin çəkiliş qrupunda olan anonim mənbə qəzetə məlumat verib ki, "yeni Bond elə əvvəlki Bond olacaq, gənc tamaşaçıların baxdığı, sevdiyi həmin döyüş, təqib epizodları yenə filmdə var, sadəcə indi baş qəhraman kişi yox qadındır, ağ dərili yox, qara dərilidir"
Yeni casus filminin sujetinə görə bu dəfə Ceyms Bond Yamaykaya istirahətə gedir, MI6 kəşfiyyat təşkilatı yeni agent 007-ni işə götürür, bu qadındır. Lakin, yeni və köhnə agent 007 filmdə qarşılaşacaq və qadın agent hələ kişini özünə aşiq də edəcək.
Xatırladaq ki, filmdəki agent 007 obrazının qadına çevrilməsini filmin ssenarisini yazan həmmüəlliflərdən biri olan Fibi Uoller-Bric təklif edib, o feminist baxışları ilə məşhurdur. 2006-cı ildən bəri agent 007 rollarına ingilis aktyor Daniel Kreyq çəkilmişdi.
Aprel ayında Kreyq jurnalistlərə demişdi ki, agent 007 rolunu bir qadının oynamasına etiraz etmir. Aktyorun bu bəyanatını bir çox jurnalistlər, tənqidçilər, hətta filmin pərəstişkarları da tənqid etmişdi.