Azərbaycanlı rejissor Hilal Baydarovun filmi Sarayevo Beynəlxalq film festivalının qalibi olub.
Məlumata görə, Hilal Baydarovun sənədli filmlər proqramında 15 filmlə yarışan “Xurmalar yetişən vaxt” filmi 25-ci Sarayevo FilmFestivalının “Ən yaxşı sənədli film” nominasiyasında qalib olub.
Azərbaycan Avstriya müştərək istehsalı olan bu sənədli filmhər yay olduğu kimi Baydarov və qardaşının, ata evində tək qalmış analarına baş çəkməsindən bəhs olunur.
Festivalda müstəqil Azərbaycan kinosunu təmsil edən daha bir film də - Teymur Hacıyevin “Duz istiot zövqə görə” əsas proqramda bədii filmlər müsabiqəsində yarışırdı.
Festivalın "Ən yaxşı bədii film" nominasiyasında isə Bosniya, Hersoqovina və Niderland istehsalı olan Yena Sendiyareviçin "Məni yaxşı bir yerə apar" filmi qələbə qazanıb.
"Ən yaxşı rejissor" olaraq isə "Üç bacının hekayəsi" filminə görə türkiyəli rejissor Emin Alpər seçilib.
Sarayevo festivalı 1995-ci ildənbəri keçirilir və bu il festivalın 25 illiyi qeyd olunur. Hər il 300-dən artıq rejissor, prodüser, ssenari yazarı festivalla əlaqədar Sarayevoya toplaşır.
Bu il festivala təqdim olunan 950 filmdən 53-ü müsabiqədə iştirak haqqı qazanıb. Bunlardan 9-u bədii filmlər bölməsində, 14-ü tələbə filmləri bölməsində, 16-ı sənədli filmlər bölməsində yarışıb. Ümumilikdə bu il festivalda Avstriya, Albaniya, Azərbaycan, Bosniya, Ermənistan, Rumıniya, Gürcüstan, Yunanıstan, Moldova, Bolqariya və bir çox başqa ölkələr iştirak edib.
[embed]https://www.youtube.com/watch?v=rEA_MV4-8Q4[/embed]