Rüstəm İbrahimbəyovun sədri olduğu İttifaq təsdiq edilib

Rüstəm İbrahimbəyovun sədri olduğu İttifaq təsdiq edilib
20 Avqust 2019
Mətni dəyiş

Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin verdiyi xəbərə görə, Ədliyyə Nazirliyi onların bütün orqanlarının səlahiyyətlərini təsdiq edib. Bura sədr Rüstəm İbrahimbəyovun səlahiyyətləri də daxildir.

Bunu "Turan" agentliyinə İttifaqın mətbuat katibi Əli İsa Cabbarov bildirib. Onun sözlərinə görə, iyulun 16-da İttifaqın konfransı olub, orada seçilmiş sədr və İdarə Heyətinin səlahiyyət müddəti dörd ildir.

Ə.İ.Cabbarovun bildirdiyinə görə, 1963-cü ildə təsis olunmuş İttifaqın heç vaxt qeydiyyat problemi olmayıb. Onun vurğulamasına görə, sadəcə, İttifaqın nizamnaməsini qeyri-hökumət təşkilatları (QHT) haqqında qanunun tələbinə uyğun redaktə etmək və rəhbər orqanları yenidən seçmək tələb olunurdu. Onun fikrincə, iyulun 16-da keçirilən konfransda bu məsələlər həll edilib.

Ə.İ.Cabbarovun vurğulamasına görə, Ədliyyə Nazirliyinin səlahiyyətlərini təsdiq etdiyi İdarə Heyətinə R.İbrahimbəyov rəhbərlik edir. Anar, Rasim Balayev, Cəmil Fərəcov, Ziya Şıxlinski, Əli İsa Cabbarov, Firəngiz Qurbanova, Baba Vəziroğlu, Məbud Məhərrəmov, Şükufə Yusupova , Əsəd Əsədov, Həmidə Ömərova, Nizami Abbas, Tahir Əliyev, Lalə Əfəndiyeva, Oleq Səfərəliyev, Cavid İmamverdiyev və Mirbala Səlimli üzvlərdir.

Xatırlatma

Rüstəm İbrahimbəyov Azərbaycan və Rusiyanın əməkdar incəsənət xadimidir. 2013-cü ildə ölkə prezidenti postuna namizədliyini irəli sürüb. Ancaq sənədlərinin qaydasında olmaması üzündən bu istəyi gerçəkləşməyib. O, müxalifətdə olan Milli Şuranın namizədi Cəmil Həsənlini müdafiə edib, həmin qurumun fəxri sədri olub.

Hələ həmin seçkilərdən bir il əvvəl (2012-ci ildə) Azərbaycanda yeni Kinematoqrafçılar İttifaqı yaradılıb. Eyni vaxtda R.İbrahimbəyovun rəhbərlik etdiyi eyniadlı qurumda vergi yoxlamaları başlayıb. Son illər isə o, rəsmi təbliğatda "Qafqaz üçlüyü" filminə görə sərt tənqid olunurdu. R.İbrahimbəyovu 2015-ci ildə çəkilən bu filmə görə hətta vətənpərvərlikdən uzaq olmaqda günahlandırırdılar.

2019-cu ilin əvvəllərindən o, yenidən Azərbaycana gəlməyə başlayıb. Bu ilin fevralında R.İbrahimbəyov bununla bağlı yazırdı:

"Bakıya gəlişim hakimiyyətə iki yazılı müraciətimdən sonra baş tutdu. Həmin müraciətlərdə şəxsi xarakterli məsələlər qaldırmışdım. Söhbət Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq qurumunun əmlakı və sənədlərindən gedir..."

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun