10 Sentyabr 2019
Mətni dəyiş
2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7 faiz bahalaşıb.
Cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8 faiz ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşıb. Qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.
Ay ərzində pasterizə olunan üzlü südün, qarğıdalı yağının, limonun, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpız və yemişin, üzümün, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, quru noxudun, mərcinin, arağın, energetik içkilərin qiymətlərində ucuzlaşma olub.
Düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, sterilizə olunan üzlü südün, şəkərli qatılaşdırılmış südün, yoqurtun, xamanın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, zeytun və günəbaxan yağlarının, quru lobyanın, şəkər və şəkər tozunun, təbii balın, dondurmanın, çayın, mineral suların, kola içkisinin, limonadın, meyvə şirəsi və pivənin qiymətlərində isə bahalaşma müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.