Ötən günlərdə Batumi Beynəlxalq Arthaus Film Festivalında iştirak etmək şansım oldu. Bu yazımda da gördüklərimdən, festivalda yaşananlardan və bu cür mədəni tədbirlərin niyə vacib olduğundan danışacağam. Əsas sual isə eynidir: Niyə o əjdahadan bizdə yoxdur?
Rahat Bakı-Batumi uçuşundan sonra bizi festival könüllüsü qarşıladı. Günlərimizi keçirəcəyimiz otelə yerləşdirdi və daha sonra sağollaşdı. Biz də biraz dincimizi aldıqdan sonra şəhərin canına düşüb əlimizdəki turist xəritəsiylə şəhəri tanımağa çalışırdıq. Şəhərin autentik atmosferi, qədim binaları, müasirliklə qədimiliyin kəskin xətlərlə ayrılması diqqətimizi çəkən maraqlı məqamlardan idi. Biraz gəzişdikdən sonra ilk filmimizi izlədik. Bu film Karlovı Vari Film Festivalında dünya premyerasını gerçəkləşdirən “Qoy işıq olsun” (Let there be light) idi. Film hazırda Avropanı narahat edən neofaşizm, din, nəsillərarası problemlər, ailə kimi məfhumlardan bəhs edirdi. Festival bitdiyi zaman filmin “Ən yaxşı film” mükafatı qazanması da bir növ qabartdığı problemlərin və həmin problemlərin ekran həllinin nəticəsi idi. Digər günlərdə Reza Mirkariminin “Arzuların qəsri” (Castle of dreams) , Elmar İmanovun “Mövsümün sonu”, Hilal Baydarovun “Xurmalar yetişən vaxt”, Georgi Pyalfinin “ Onun sahibinin səsi” (His master’s voice), Mişo Antadzadenin “Biçin” (The harvest) və başqa filmlər izlədik. Elmar İmanovun “Mövsümün sonu” həm auditoriya, həm də jüri tərəfindən bəyənildi. Elə buna görə də “Xüsusi Jüri” mükafatına layiq görüldü.
Bizi ora toplayan əsas məsələ isə post-sovet ölkələrinin gənc film tənqidçilərini bir-biri ilə tanış etmək, ölkələrdəki mövcud vəziyyəti dəyərləndirmək və fikir alış-verişində iştirak etmək idi. Ukrayna, Rusiya, Gürcüstan, Belarusiya, Moldova, Ermənistan və Azərbaycandan olan gənclər - yəni biz ölkələrimizdəki kinoprokatı, göstərilməyən filmləri və insanların festival filmlərinə olan maraqsızlığını müzakirə etdik. Bu ölkələr arasından ən acınacaqlısı təəssüf ki, elə Azərbaycandır.
[caption id="attachment_82335" align="aligncenter" width="1024"] Batumi, Gürcüstan[/caption]Bu gənc insanların ölkələrində etdiyi fəaliyyətlər, qatıldığı tədbirlər, festivallar insanı ruhlandırır. Ukraynadan olan gənclər dünyanın bir çox A kateqoriyalı festivallarına (Kann, Venesiya, Berlin) qatılır, öz ölkələrində keçirləcək festival üçün filmlər seçdiklərini deyirlər. Ukraynanın İctimai kanalında işləyən gənc isə vacib filmləri, dünyada səs-səda yaratmış arthaus kinoları seçdiyini, müəllif hüquqlarını aldığını və məhz həmin kanalda nümayiş etdirdiyini vurğulayır. Qızğın müzakirələrdə kommersiya kanallarının bu cür filmləri göstərmək kimi borcu olmadığını, lakin ictimai kanalların kütlənin zövqünü formalaşdırmağa məcbur olduğu konsensusu ortaya çıxır. Elə bu müzakirələr gedərkən insan öz-özünə “Bəs biz?” sualını verir. Bir tərəfdən müsbət enerji, ilham aldığın halda, digər tərəfdən adıçəkilən ölkələrlə təxmini eyni yolları keçmiş bizlərin bu dərəcə prosesdən uzaq düşməsi insanı pessimistliyə sürükləyir.
Günlər ötdükcə müxtəlif ölkələrdən olan rejissor, tənqidçi və başqa şəxslərlə əlaqələr yaranır. Bu qədər insanı bura toplayan mədəni hadisənin gözəlliyi adamı heyran edir. Hər axşam ortaq yeməklərdə müzakirələr, tanışlıqlar baş tutur. Uzunmetrajlı film müsabiqəsinin jürisinə daxil olan Martin Bleni daha əvvəl Bakıda olduğunu və şəhərimizi bəyəndiyini qeyd edir. Azərbaycanda təhsil almış Təbrizdən olan Səidlə dialoqumuz zamanı Pişəvərini tanımağımıza təəccüblənir, Bakıda çox da tanımadıqlarını deyir. Hər gün müxtəlif məkanlarda qarşılaşan, müxtəlif qayğıları və arzuları olan bu şəxsləri birləşdirən bəlkə də yeganə nəsnə kinodur. Elə bu nəsnədən yaranan festivalın ruhu insanın tək olmadığını, dünyada eyni dəyərləri bölüşən fərdlərin çoxluğu heyrətləndirir. Festivalın təşkili və başqa-başqa insanların bir məqsəd uğrunda cəm olmağı zövq verir. Ustad rejissorların yeni filmlərinin nümayişləri isə tamaşaçıların ən çox diqqətini çəkən məsələ olur. Hələ Pol Şreder, Denis Lavant kimi kino tarixinə iz qoymuş şəxslərin fəxri qonaq olması, Polun tamaşaçılar ilə sual-cavabını demirəm. Bütün bunların fonunda, texniki problemlərə baxmayaraq, Batumini tərk etdiyimizdə düşündüyümüz “Bura mütləq bir daha gələk” fikri idi. Bu kiçik sahil şəhərindən pozitiv fikirlərlə ayrılıb daha böyük sahil şəhəri olan Bakıya qayıdırdıq.
Müstəqillik tariximiz yaxın zamanda otuzuncu yaşına qədəm qoyacaq. Bu ölkənin müstəqillik tarixindən bəri doğulan insanların hətta uşaqları var. Ümumi tarixi dəyərləndirdiyimiz zaman kiçik görünsə də, insan həyatı üçün kifayət qədər böyük müddətdir. Bu böyük müddət ərzində ciddi bir festivalımızın olmaması insanı dərindən yaralayır. Müqayisə üçün deyim ki, Batumi Film Festivalı 14-cü dəfə keçirilirdi. Tiflis Film Festivalı 2000-ci ildən etibarən fəaliyyət göstərir. Yerevan Beynəlxalq Film Festivalının quruluş tarixi isə 2004-cü ildir. Niyə Bakının adı və özü ilə bağlı beynəlxalq film festivalımız yoxdur? “DokuBaku” sənədli film festivalımız və “Start” qısa film festivalımız var, amma təəssüf ki, bunlar kifayət deyil. Arada-bərədə xarici səfirliklər film həftələri keçirir ki, bu da müasir kino trendini izləməyə kifayət etmir. Müqayisəm təsadüfi deyil: Bizimlə eyni müstəqillik yolu keçən bu iki ölkənin festivalı var, amma onlardan daha çox resursa, maddi imkana sahib dövlətin dünyaya çıxaracaq mədəni hadisəsi yoxdur.
Otellərimiz, kinoteatrlarımız, əyləncə məkanlarımız, kino üçün ən vacib olan maddi gücümüz də var. Kino tarixinə iz qoymuş şəxsləri dəvət edərək, beynəlxalq festivallarda maraqla qarşılanan filmləri seçərək insanlarda maraq yarada bilmərikmi? Müxtəlif dəstək müsabiqələrini əsas proqrama salaraq həm yerli, həm xarici gənclərə dəstək ola bilmərikmi? Yerli kino insanlarının bu festivalda quracağı tanışlıqlar vasitəsi ilə xaricə daha asan çıxa bilmərikmi? Ümumi kino sənayesinin içinə daxil olaraq həm də kinomuzun gələcəyinə böyük töhfə verə bilmərikmi? Bilərik, bilərik, bilərik! Əgər məsələ bunu həyata keçirəcək şəxslərdirsə, kifayət qədər potensiallı gənclərimiz var. Əgər əskik tərəfimiz təşkilatçılıqdırsa, indiyə qədər kifayət qədər böyük yarışları, müsabiqələri, festivalları keçirmişik. Ehtiyacımız olan tək şey dəstək və uzunmüddətli düzgün planlamadır. Belə bir festivalla həm kinomuzun gələcəyinə investisiya etmiş olarıq, həm də mədəni baxımdan bölgənin diqqətini çəkərik.
[caption id="attachment_78215" align="alignleft" width="1050"] Hacı Səfərov[/caption]Ötən günlərdə Üzeyir Hacıbəyovun 134 yaşı tamam oldu. Üzeyir bəy təkcə musiqiləri ilə yox, həm də cəmiyyətimizə, həyatımıza, düşüncə dünyamıza dair etdiyi əlavələrə görə vacibdir. Elə mən də yazımın sonuna felyetonundan bir hissə ilə keçmək istəyirəm.
“Qonşularımız siçan boyda iş gördükdə biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşək boyda işlər görməyə üz qoydular, biz yenə yatmışdıq. Qonşularımızın eşşək boyda olan işi, irəliləyib camış yekəlikdə oldu. Amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq, nə vaxt ki, qonşularımız fil boyda iş görməyə başladılar.”
Aradan 100 il ötsə də, biz hələ də yatır, qonşularımız fil boyda iş görməmiş ayılmaq istəmirik. Gec olmadan ayılmaq lazımdır, çün vaxtsız oyanmaq fayda verməyə bilər...
Hacı Səfərov