Türkiyədə reperlərin kollektiv oxuduğu iki mahnı bir anda sosial şəbəkədə milyonlarla izləyici qazanıb.
"#Susamam" ve "OLAY" adlanan iki videoklip, Twitterin türk seqmentində bir anda ən çox müzakirə olunan mövzu olub. Hər iki klipdə Türkiyənin siyasi, ictimai və ekoloji problemlərindən bəhs olunur.
Repçi Şanışerin başçılığı ilə həyata keçirilmiş layihədə Fuat, Ados, Hayki, Server Uraz, Beta, Tahribad-ı İsyan, Sokrat St, Ozbi, Deniz Tekin, Sehabe, Yeis Sensura, Aspova, Defkhan, Aga B, Mirac, Mert Şenel və Kamufle adlı repçiler iştirak edib. "OLAY" mahnısı isə Ezhel adlı repçi tərəfindən ifa edilib.
"#Susamam" adlı mahnıda təbiətə qarşı törədilmiş qətliamlardan tutmuş qadına qarşı zorakılığa, polis gülləsi ilə öldürülən müəllimlərdən və heyvan haqlarından tutmuş cürbəcür ictimai ağırlıqlı problemlərdən bəhs olunur.
Həmçinin mahnıda Türkiyə gündəmində ən çox müzakirə edilən nüvə reaktorunun tikilməsindən, həbsdə olan jurnalistlərdən, Emine Bulutun keçiş əri tərəfindən amansızca öldürülməsindən, senzura və hüquqi azadlıqların boğulmasına qədər Türkiyə gündəminə aid mövzular mahnıda əks olunur.
Türk rep müğənnilərinin toxunduğu mövzular, sosial şəbəkədə cəsarətli çıxış kimi qiymətləndirilir. "OLAY" klipinin isə çıxdıqdan sonra radiolarda trend mahnıların sırasından çıxarılıb qadağan edilməsi sosial şəbəkədə ciddi etiraza səbəb olub.