10 noyabr bəyanatından sonra yenə də Azərbaycanın nəzarətində olan ərazilərə Ermənistan silahlı qüvvələrinin müxtəlif qruplar formasında hücumları baş tutur. Bu hücumlar nəticəsində şəhid olan və yaralanan Azərbaycan əsgərləri var. Bu hücumlar, Rusiya sülhməramlılarının fəaliyyəti və Qarabağın gələcəyi də daxil olmaqla bir çox məsələ barəsində Milli Məclisinin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovla danışdıq.
Deputat Elman Nəsirovun Abzas-a müsahibəsini sizə təqdim edirik:
- Elman bəy, əvvəlcə ondan başlayaq ki, 10 noyabr bəyanatından sonra, Ermənistan silahlı qüvvələri bir neçə dəfə müxtəlif formalarda 10 noyabr bəyanatından irəli gələn atəşkəsin tələblərini pozublar. Atəşkəsin qorunmasında məsul olan Rusiya sülhməramlılarının isə bu pozuntuların qarşısını almadığını görürürk. Sizcə bu nədən irəli gəlir?
- 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan üçtərəfli bəyanatın müddəalarından biri də Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi idi və onların da əsas missiyası sülhü qoruyub saxlamaq idi. MDB dövlət başçılarının son iclasında Azərbaycan prezidenti çıxışında vurğuladı ki, prinsip etibarı ilə imzalanan bəyanatın müddəaları icra olunur, amma eyni zamanda onu da vurğuladı ki, müəyyən insidentlər baş verib. Bu insident Azərbaycan cəmiyyəti tərəfindən çox pis qarşılandı və xüsusən də Rusiya sülhməramlılarının yerləşdikləri coğrafiya ilə bağlı əlavə bir xəritə irəli sürməsi Azərbaycan ictimayətinin çox ciddi qınağına səbəb oldu. Bu məsələdə cəmiyyətin müxtəlif təbəqələri, Vətəndaş Cəmiyyəti İnsitutları, siyasi partiyalar, parlamentarilər və cəmiyyətin digər kəsimləri çox açıq, prinsipial, birmənalı mövqe ortaya qoydu. Nəticədə Rusiya sülhməramlıları bu xəritədən imtina etdi və əvvəlki xəritəyə qayıtmaq təmin edildi. İndi də ikinci bir insident bu günlərdə baş verib. Azərbaycan ordusu Ermənistan ordusunun 80%-ni tamamilə məhv edib, 10 mindən çox fərariləri var, amma bu biabırçı məğlubiyyəti yaşayan ordunun tör-töküntüləri meşələrdə gizlənir, dağlarda gizlənir və onlarla bağlı bizim Dövlət Təhlükəsizlik Xidməti bir antiterror əməliyyatı da keçirdi. Onların cəzasını verdi, zərərsizləşdirdi. İndi yenə eyni hal baş verib. Görürük ki, Rusiya sülhməramlıları üzərlərinə düşən missiyanı tam yerinə yetirə bilmirlər, boşluqlar var. Əgər Rusiya sülhməramlıları Ermənistan ordusunun bu tör-töküntülərini təmizləməkdə çətinlik çəkirlərsə, onda bir az kənara çəkilsinlər həmin ərazilərdən, bunu Azərbaycan tərəfi rahatlıqla həll etsin. Bu zəlzələdən sonra avtoşoklar olur ey, ona oxşayır. Məsələn, 8-9 ballıq zəlzələ olandan sonra bir də görürsən 2 ballıq avtoşoklar olur ey, bax elə. İndi Ermənistan tərəfi tamamilə məhv edilib, avtoşoklar göstərir. Eyni zamanda bu bilirsiniz nəyə bənzəyir? Məsələn şam sönməmiş çox güclü yanmağa başlayır, yəni, bütün gücün səfərbər edib möhkəm yanır və arxasınca da sönür. İndi Ermənistanda da eyni vəziyyətdir, amma mütləq sönəcəklər, bu sırf zaman məsələsidir.
- Elman bəy, son insidentdən bir gün əvvəl Qondarma Dağlıq Qarabağ Respublikasının “Təhlükəsizlik Şurasının katibi” vəzifəsini daşıyan Vitali Balasanyan müsahibəsində bildirdi ki, qondarma respublikasının sərhədlərini qoruyan ordu yaradacaq və hətta Hadrut istiqamətindəki mövqelərini geri qaytamaq üçün çalışacaqlar. Sizcə, bu 10 noyabr bəyanatının pozulacağının açıq şəkildə anonsu deyilmi?
- Bunların hamısından məlumatlıyam. Bu onunla bağlıdır ki, Paşinyan küncə sıxılıb. Paşinyanın hakimiyyətdən getməsi ya qanlı inqilabla olacaq, ya saray çevrilişi ilə olacaq, ya da Paşinyan eks baş nazirə ömürlük toxunulmazlıq verən qanun qəbul etdirib, könüllü gedəcək. Amma istənilən halda o küncə sıxılmış vəziyyətdədir və onun küncə sıxılmasından istifadə edən qüvvələr bütün məsuliyyəti onun üstünə atıb, özlərini bu məsuliyyətdən kənarda qoyurlar. Ancaq Azərbaycan prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev də qeyd etdi ki, bizim müzəffər ordumuz Köçəryanın və Sarkisyanın ordusunu darmadağın etdi, Paşinyan 2 ildir hakimiyyətdə idi, o nə edə bilərdi ki? Biz Köçəryanla Sarkisyanın ordsunu məhv eləmişik. İndi bu Köçəryana, Sarkisyana yaxın olan qüvvələr özlərini çox təmiz, pak, günahsız göstərmək istəyirlər. Ancaq əsas günahkarlar və calladlar onlardır və onlar bu dəqiqə kütlənin xoşuna gələn şüarlarla çıxış edirlər, özlərindən qəhrəman yaradırlar, nəinki Hadrutun, heç bir ərazinin Azərbaycanda qalmayacağını deyirlər, 10 noyabr bəyanatını cırıb atacaqlarını deyirlər. Bu, onlara onun üçün lazımdır ki, Ermənistanda yaranan indiki vəziyyətdən istifadə edib hakimiyyəti ələ keçirsinlər. Amma Putin də qeyd etdi ki, 10 noyabr bəyanatını pozmaq Ermənistan üçün intihara bərabər olar. Bundan başqa, hakimiyyətə gəlsələr, deyəcəklər ki, biz hansı güclə müharibə edək? Ordu tamamilə məhv edilib, iqtisadiyyat çöküb və s. Bunlar dekabrın 10-unda 2021-ci ilin büdcəsin qəbul ediblər və müdafiə xrcləri üçün ayırdıqları vəsait 430 milyon dollardır. Amma Azərbaycanın 2021-ci il üçün nəzərdə tutulan hərbi büdcəsi 2.7 milyard dollardır. Belə bir gücləmi Azərbaycanın qabağına çıxacaqlar?
- Elman bəy, statistikaya baxsaq, Ermənistan göstəricilərinə görə bütün bu illərdə Azərbaycandan geridə olub. Ancaq biz bilirik və hətta Azərbaycan prezidenti də qeyd edib ki, onların himayədarları var və Rusiya müharibə dövrü də daxil olmaqla, bütün dövrlərdə Ermənistanı himayə edib. Siz düşünmürsünüz ki, Ermənistan tərəfinin bu açıqlamaları və təxribatları Rusiyanın himayədarlığı ilə olur? Rusiya bundan istifadə edib, regionda sülhməramlılarının sayını artırmaq istəyir?
- Bəli, belə ehtimallar, versiyalar mətbuatda da səslənməkdədir, ancaq hələlik bunlar ehtimallardır. Bundan başqa, Rusiya prezidentinin bir neçə həlledici fikirləri var ki, Qarabağ Azərbaycan ərazisidir və dünya da hüquqi baxımdan Qarabağı Azərbaycan ərazisi hesab edir. Bunlar hamısı bizim üçün çox əhəmiyyətli yanaşmalardır. Ancaq məsələ ondadır ki, fakt odur ki, burada söhbət Rusiya sülhməramlılarından gedir və maksimum çalışmalıyıq ki, Türkiyə hərbiçilərinin yerləşdirilməsi prosesi və həmin o sülhməramlı monitorinq mərkəzinin fəaliyyətə başlaması tezləşsin. Türkiyə hərbiçiləri də burada olacağı təqdirdə, onların işi Ermənistan silahlı birləşmələrinin və onların tör-töküntülərinin təxribatlarını müşahidə etmək olmayacaq, eyni zamanda qabaqlayıcı tədbirlər də görəcəklər. Mən düşünürəm ki, artıq Türkiyə hərbiçiləri də Qarabağda olandan sonra, bu təxribatçıların yeni təxribatlar törətməsi demək olar ki, mümkünsüz olacaq. Bu həm də belədir ki, nə qədər Paşinyan hakimiyyətdə olacaq, onu yıxmaq istəyən qüvvələr istənilən təxribata əl atacaqlar. Hakimiyyətə gələndə isə ac xalqa çörək vermək lazım olacaq və belə olan halda görəcəklər ki, Azərbaycan və Türkiyə Ermənistanı altıtərəfli platformaya cəlb etmək istəyir. Bu platforma Ermənistan üçün iqtisadi inkişaf deməkdir, xalqının güzaranının yaxşılaşması deməkdir. Ermənistanın nicat yoludur. Seçim etməli olacaqlar və həmin vaxt hakimiyyətdə normal fikirli adamlar olsa, alternativi düşünmədən əməkdaşlığı seçəcəklər.
- Elman bəy, biz görürük ki, Dağlıq Qarabağ ərazisində qondarma rejimin bayrağı Rusiya bayrağı ilə birlikdə dalğalanır, eyni zamanda, Dağlıq Qarabağda ermənilərin Rusiya sülməramlılarına hədiyyə etdikləri tortun üzərində yenə bu iki bayraq dalğalanır və Rusiya da bunu qəbul edir. Sizcə beynəlxalq hüquqa görə Azərbaycanın ərazisi olan bögələrdə beynəlxalq aləm tərəfindən tanınmayan bir rejimin bayrağının Rusiya tərəfindən qəbul olunması həm qanunsuzluq, həm də Azərbaycana hörmətsizlik deyil?
- Belə məsələlərnən bağlı məlumatlar var, müxtəlif görüntülər yayılır. Ancaq siz siyasətdən danışdınız, bir dəfə Mirzə Cəlil gedir Nehrəm kəndinə, bir nehrəmli Mirzə Cəlildən soruşur ki, Ay Mirzə Cəlil, hamı siyasətdən danışır, amma elə qəliz danışırlar ki, başa düşmürəm, mənə öz kənçi dilimdə izah elə də, bu siyasət nəmənə şeydir? Mirzə Cəlil də ona deyir ki, sən kənd adamısan, yəqin eşitməmiş olmazsan, belər bir söz var: "Saman altdan su yeritmişəm e". Eşitməmisən belə bir şey? Nehrəmli də deyir ki, Ay Mirzə Cəlil, eşitməmisən nədir? Özüm o qədər yeritmişəm. Mirzə Cəlil də deyir ki, bax siyasət ona deyirlər. Nehrəmli də Mirzə Cəlilə deyir ki, Allah sənin balalarını saxlasın, heç kim mənə belə sadə izah verməmişdi. Yəni, bu siyasət çox qəliz məsələdir və indiki vəziyyətdə biz etap-etap mövqelərimizi möhkəmləndiririk. 8 noyabrda biz Şuşada güclü idik, yoxsa bu gün? Artıq bizim orda qurumlarımız yaranıb. Dövlət Təhlükəsizlik Xidməti, Polis...
- Xankəndində də yaranacaqmı?
- Bunlar hamısı yaranıb və biz bunları yaratmadan bizi narahat edən müəyyən məsələlərlə bağlı konfrantasiyaya gedib hansısa məsələləri ziyanımıza həll edə bilmərik. Ona görə biz bütün mövqelərdə möhkəmlənməliyik. Məsələn, siz 2021-ci ildə işğaldan azad olunan torpaqları tanımayacaqsınız. Orada nə qədər quruculuq işləri...
- Sual Xankəndi ilə bağlıdır, orada da bizim dövlət qurumlarımız olacaq?
- Mən də deyirəm ki, Xankəndində də bunlar olacaq. Amma bunun zamanı var. Bu sabah olacaq və ya başqa gün, mən onun zamanını dəqiq deyə bilmirəm. Ancaq bir şeyi bilirəm ki, bu aksiyomadır və bəzi pessimist insanlara üzümü tutub deyirəm ki, heç ağıllarına gələrdimi 30 il ərzində işğal altında olan torpaq, pandemiya ilində 44 günə geri alınacaq? Bunu iddia edənə deyərdilər ki, sən deyəsən başqa planetdən gəlmisən. Amma bu oldu. Bütün bunlardan sonra, Xankəndində Azərbaycanın dövlət qurumlarının yaranması, bayrağının asılması, bu qondarma rejimin ordan qovulması çox real görünür. İndiyə qədər baş verənlərin yanında onların reallaşması çox rahat görünür. Ona görə də qətiyyən narahat olmayın. Yenə də deyirəm, indi Ermənistan və Qarabağdakı tör-töküntüləri yanan şama bənzəyir, sönənə yaxın möhkəm yanırlar və ardınca da sönürlər.