Son zamanlar ölkənin siyasi jarqonunda və hakimiyyətyönlü mediada antiqərb və antiavropa meyllərinə tez-tez rast gəlirik. Müəyyən mənada başa düşüləndir, çünki münaqişə ilə bağlı Qərb mediasının və siyasətçilərinin tutduğu mövqe bəzən birtərəfli, qərəzli, biliksiz və ədalətsiz idi. Lakin burada başqa mətləblər də var ki, onları gözdən qaçırmaq olmaz. Mədəni, iqtisadi və ticari, elm-texnologiya-təhsil, inkişaf, idarəçilik və hüquqlar və bir sıra digər istiqamətlərdə Qərbin və Avropanın verdiyi əlavə dəyərdən vaz keçmək düzgündürmü? Siyasi şərhçi Rəşad Şirin Azərbaycan -Qərb münasibətləri haqda ASTNA-nın suallarını cavablandırıb.
- Rəşad bəy, 44 günlük müharibə ərəfəsində yaşananlardan dolayı Azərbaycanın bundan sonra Qərblə münasibətlərinin inkişafını necə görürsünüz? Münasibətlər indi hansı səviyyədədir və bundan sonra inkişaf edə bilərmi?
- Demokratiyanı dəstəkləyən bəzi vətəndaşlarımız çox zaman elə düşünür ki, Qərb dövlətləri və təsisatları dünya ilə münasibətlərə yalnız dəyər prizmasından baxırlar, məsələn, demokratik olma-olmama prizmasından. Bu idealist yanaşmadır və müəyyən dərəcədə hadisələri və davranışları izah edə bilər. Amma bu yeganə yanaşma deyil və bəzən marjinal yanaşmadır. Dövlətlərarası münasibətlərdə dominant yanaşma çox zaman realist yanaşmadır. Realist yanaşmaya görə isə ideologiyalar və dəyərlər yox, maraqlar və güc vacibdir. Məsələn, iqtisadi, siyasi, strateji, təhlükəsizlik maraqları.
44 günlük Vətən Müharibəsi onu göstərdi ki, bizimlə yaxşı münasibətləri olan və bizdə marağı olan aparıcı Qərb ölkələri ya kifayət qədər neytral qaldı (ABŞ, İngiltərə, Almaniya), ya da bizi dəstəklədi (İtaliya). Bu baxımdan, məncə, münasibətlərin ümumi ritmi və dinamikası realistdir. Hətta Ermənistanla çox yaxın tarixi və diaspora münasibəti olan Fransanın belə rəsmi mövqeyi Azərbaycandan yana oldu. Prezident Makron Qarabağın Azərbaycanın ərazisi olduğunu söylədi. İndi yeni dövr başlayır və bu yeni dövr yeni imkanlar açır. Atəşkəs bəyanatının ruhunda regionun inkişafına vacib işarələr var. Burada çoxlu diplomatik iş lazım olacaq. Azərbaycan hərbi qələbəni əldə etdikdən sonra diplomatik istiqamətdə iş aparmalıdır. Bu işin bir hissəsi də sülh quruculuğudur. Sülhü qazanmaq deyiləndə bu, nəzərdə tutulur. Münaqişədə qalib tərəf kimi sülh istiqamətində çoxlu işlər görülməlidir. Necə ki fiziki olaraq ərazilərdə minalar var, eləcə də bölgədə insanların düşüncəsi və mentallığı bir zaman bombasıdır və tarix göstərir ki, bu bombalar zaman-zaman partlayır.
Azərbaycan Qərb dövlətləri, təsisatları ilə sülh quruculuğu işində irəli düşməlidir. Almaniya və Fransanın təcrübəsi öyrənilməli, Avropa İttifaqının tarixinə baxılmalıdır. “Kömür və polad birliyi” kimi iqtisadi birliklər qurulmalıdır. Sərhədlərini müəyyən etmiş (aşağı-yuxarı) iki ayrı müstəqil ölkə var artıq – Ermənistan və Azərbaycan. Yeni səhifədən, Qərb ölkələrinin və təsisatlarının da iştirakını təmin edən bir proses başlamalıdır.
- Qarabağ münaqişəsi ilə bağlı Qərb mediasında və siyasətçilərin verdikləri bəyanatlarda mövqe kəskin, hətta birtərəfli və qərəzli idi. Adekvat olaraq Azərbaycan tərəfinin Qərbdən üz çevirməsi anlaşılan deyilmi?
- Mənə görə bizim üçün əsas çətinlik o idi ki, Qərb ictimaiyyəti inanırdı ki, müharibəni Azərbaycan başladıb. Türkiyənin dəstəyi ilə. Bu, Qərb ictimai fikrində simpatiya yaradan məsələ deyildi. Cavab olaraq Azərbaycan həm dövlət, həm də vətəndaş cəmiyyəti mövqelərində hərəkətə keçdi. Bu birlik çox vacib idi, həm də az rastlanan. Adətən vətəndaş cəmiyyəti və dövlət fərqli dalğalarda olurlar. İndi ümumi cəbhə yarandı.
Əsas hədəf auditoriyası isə Qərb və qismən də Rusiyanın ictimai fikri oldu. Bu arada müəyyən bir antiqərb söyləmi də formalaşdı. Mən də bununla bağlı yazı yazdım və bunun bizim üçün faydalı olmadığını vurğuladım. Amma yuxarıda qeyd etdiyim kimi, Qərb yekdil deyildi, bizim mövqeyi dəstəkləyən və ya neytral qalan bir sıra vacib dövlətlər var idi. Bu da bizim (geo)siyasi sahədəki rolumuzun nəticəsi idi.
Azərbaycanın son 30 ildəki mövcudluğu və fəaliyyəti bir sıra vacib münasibətlər yaradıb ki, bu münasibətlər bu gün özünü göstərdi. Təbii ki, ən vacibləri Türkiyə və İsrail ilə olan münasibətdir və İsrail dövləti Yaxın Şərqdə olsa da mahiyyət etibarilə Qərbə aiddir, Qərbdə çox güclü siyasi, iqtisadi və mədəni dayaqları olan ölkədir.
- Qərbin mövqeyi Qarabağ münaqişəsində bəlli oldu. Və bu gün Azərbaycan mediasında və siyasi cameəsində antiqərb ritorikası hiss olunur. Bəlkə də haradasa haqlıdırlar. Amma məsələnin gözünə bəzən demokratiya, azadlıqlar, dəyərlər də qatılır. Qərbdən üz döndərməklə yanaşı həmin dəyərlərdən vaz keçmək Azərbaycana nə verə bilər? Bu yanaşma düzgün yanaşmadırmı?
- Antiqərb ritorikası uzun sürən olmayacaq hər halda. Bizi Qərblə bağlayan bir çox tellər var – mədəni, siyasi, iqtisadi, təhsil. Biz bu baxımdan şanslı ölkəyik, məsələn Orta Asiya və ya Yaxın Şərq ilə müqayisədə. Biz müəyyən mənada Şərqi Avropayıq, ən ucqar nöqtəsi olsaq da. Bu şansdan düzgün istifadə etməliyik. Qərb bizim üçün həmişə daha güclü cazibə mərkəzi kimi qalacaq. Elm, təhsil, texnologiya, tərəqqi, azadlıq və digər mənalarda. Yuxarıda qeyd etdiyim kimi, dəyərlər məsələsi bir az daha mürəkkəbdir, amma düşünmürəm ki, cəmiyyət dəyərlər baxımından Qərbdən uzaqlaşacaq. Siyasi baxımdan bəzi dairələrdən uzaqlaşma ola bilər, amma ümumən bu, mümkün deyil. Azərbaycanlılar üçün Avropa və Amerika həmişə vacib olacaq. Burada bir çox maraqlarla yanaşı, həm də insani maraq var – vətəndaşlarımızın əhəmiyyətli bir qismi Qərb ölkələrində yaşayır, oxuyur, işləyir və həyatını orada qurub. Bu, bizim Avropa və Amerika ilə olan bağlantımızın yeni güclü faktorudur və Avropa İttifaqı da buna, yəni insanlararası təmasa xüsusi önəm verir, bununla bağlı rəsmi siyasət və strategiyalar aparır (“human to human contact”). Burada son zamanlar Türkiyənin də səsləndirdiyi Avropa və Qərbdəki müttəfiqlər barədə müsbət mesajları da xatırlamaq yerinə düşər. Həm prezident Ərdoğan, həm də xarici işlər naziri Çavuşoğlu Avropaya inteqrasiyanı dəstəkləyən mesajlar verdilər və verməkdə davam edirlər. Bu növ mesajlar Azərbaycan rəsmilərindən də səslənməlidir.
- Qərbin müharibə dövründə belə bir mövqe sərgiləməsi ola bilərmi ki, Azərbaycanın bu sahədə təmaslarını, lobbiçilik siyasətini düzgün qurmaması ilə bağlı olub?
- Diplomatik cəbhə hərbi cəbhədən zəif oldu. Məncə, xarici siyasət strukturları reform edilməlidir. Fərqli fəlsəfə, fərqli bir yanaşma ilə. Diplomatlar dövlət qulluqçularıdır və çox zaman lazım olduğundan çox ehtiyatlı və təşəbbüssüz olurlar. Daha aktiv iştiraka ehtiyac var, daha fəal formalar və insanlar cəlb edilməlidir. Məsələn, Fransa Senatının tamamı (bir nəfərdən başqa) bizim əleyhimizə olan qətnaməyə səs verdi, Fransa ilə əlaqələrimizin olmasına rəğmən. Burada mövqeyimiz zəif oldu, bəlli səbəblərdən.
Qlobal media və beynəlxalq təşkilatlarla işlərdə boşluq var idi. Bu boşluğu vətəndaş cəmiyyəti həm sahədə olmaqla, həm də sosial media üzərindən doldurmağa çalışdı və kifayət qədər uğurlu oldu, məncə. Belçikada, Almaniyada, Kanadada, ABŞ-da və digər ölkələrdə fəal vətəndaş qrupları vacib işlər gördülər.
Çatışmayan, böyük problemlərdən biri hələ də dünya intellektual mərkəzlərində az olmağımızdır. Vəziyyət əvvəlkindən daha yaxşı olsa da. Müharibə göstərdi ki, bizim haqqımızda dünyaya başqaları daha çox danışır, nəinki biz özümüz. Qlobal və ya Avropa səviyyəsində avtoritet sayıla biləcək təhlilçimiz, yazarımız, jurnalistimiz, siyasətçimiz demək olar ki yoxdur. Biz Qərb mütəxəssislərinin və mediasının verdiyi mesajlara reaksiya verməklə məşğul idik.
İstənilən halda, daha pozitiv notlarda desək, vəziyyət əvvəlkindən yaxşıdı, çünki 30 il ərzində biz həm dövlət, həm də fərdlər olaraq özümüzü müəyyən mənada dünyaya tanıtmışıq, əlaqələr qurmuşuq. Ona görə bizə qarşı olan təbliğat əvvəlki kimi dağıdıcı olmadı.
- Bundan sonra Qərb- Azərbaycan münasibətlərini normallaşdırmaq üçün, eləcə də Azərbaycanın haqlı həqiqətlərini Qərbə çatdırmaq üçün nələr edilməlidir? Qərb Azərbaycanı itirməmək üçün hansı addımlar atmalıdır? Azərbaycan Qərbə yaxınlaşmaq üçün, halbuki, bunu istəməyən daxili və xarici qüvvələr var, nə etməlidir?
- Məncə, Qərbin Azərbaycanı itirmək kimi bir məsələsi yoxdur. Enerji və təhlükəsizlik layihələri bizi Qərbə bağlayır. Amma buna baxmayaraq, Azərbaycan Qərb siyasətçiləri, vətəndaş cəmiyyəti, mediası ilə təmasını artırmalıdır. Bu, həm reform olunmuş rəsmi xarici siyasət istiqamətində, həm də vətəndaş qrupları və fərdləri vasitəsilə edilməlidir. Eyni zamanda Qərb dövlətləri və təsisatları, xüsusilə də Avropa İttifaqı “insani təmas” məsələsini gücləndirməlidir. Fərdi bağlantılar artmalıdır. Burada problem həm də beyin axınının sürətlənməsi ola bilər. Ona görə Azərbaycanda ciddi islahatlar olmalıdır, iqtisadi və siyasi ki, beyin axını əngəllənsin.